Amerika bankları “Silicon Valley Bank”ın (SVB) iflasından sonra problemlərlə üzləşə bilər.
“Report” xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Qeyd olunub ki, aktivləri Federal Əmanətlərin Sığortalanması Korporasiyası tərəfindən nəzarətə alınan SVB-nin iflası digər bankların da oxşar problemlərlə üzləşə biləcəyi qorxusunu artırıb.
Nəşr vurğulayıb ki, bankın müflisləşməsi kredit təşkilatının vəsaitlərin çıxarılması ilə bağlı müraciətlərə baxılması üçün təcili tədbirlər görməsindən iki gün sonra baş verib.
Eyni zamanda, bankın investisiya aktivlərinin dəyərinin kəskin azalması “Wall Street” və investorları şoka salaraq, səhmlərin kəskin ucuzlaşmasına səbəb olub.
Vurğulanıb ki, irəlidə iflas edən bankın üzləşdiyi problemlər bu sektorun bəzi hissələrinə yayıla bilər. Bununla bağlı ABŞ-ın maliyyə naziri Canet Yellen investorları Amerika bank sisteminin sabitliyinə açıq şəkildə əmin edib.