ABB nizamnamə kapitalını 87 milyon manat artırmaq istəyir

Maliyyə
  • 11 iyun, 2024
  • 07:13
ABB nizamnamə kapitalını 87 milyon manat artırmaq istəyir

"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) nizamnamə kapitalını artırmaq üçün 87 milyon manatlıq (322 milyon ədəd) səhmlərinin kütləvi təklif üsulu ilə yerləşdirilməsinə başlayır.

"Report" xəbər verir ki, bunu ABB-nin İdarə Heyətinin sədri Abbas ibrahimov deyib.

Onun sözlərinə görə, yerləşdirmə zamanı əsasən kiçik investorlara üstünlük veriləcək.

"Ölkəmizdə ilk dəfə bizim səhmlərə mobil tətbiq vasitəsilə abunə yazılmaq mümkün olacaq. Bundan başqa, tezliklə vətəndaşlarımız mobil tətbiq vasitəsi ilə təkrar bazarda alqı-satqı apara biləcəklər", - deyə sədr qeyd edib.

"Son illər ABB sürətlə inkişaf edir, kapital mövqeyini gücləndirib, səhmdarlarına 6 ildir ki, dividend ödəyir. Səhmdarlarımız təkcə ötən ilin maliyyə nəticələri əsasında 185 milyon dividend alıb. Bununla da, səhmlərin illik gəlirliliyi 15,1%-ə yüksəlib", - deyə A.İbrahimov əlavə edib.

"Emissiya prosesi başa çatdıqdan sonra da Azərbaycan dövləti yenə Bankımızın əsas böyük səhmdarı kimi qalacaq. Banka iri özəl investorların deyil, məhz kiçik pay sahibi olan investorların cəlb edilməsinə üstünlük verilir. Çünki məqsəd daha çox vətəndaşımızın ABB-də pay sahibi olub alternativ investisiya fürsətlərindən faydalana bilməsidir. Bunun ölkəmizin qiymətli kağızlar bazarına əhəmiyyətli müsbət təsirləri olacaq", - deyə sədr qeyd edib.

"Bir səhmin minimal qiyməti 27 qəpikdir. Abunə yazılışı dövründə vətəndaşlar sifarişlərini 27 qəpik, yaxud daha yuxarı qiymətlə təqdim edə bilərlər. Bir vətəndaş minimum 100 ədəd, maksimum 75 000 ədəd ABB səhmi sifariş verə bilər. Abunə yazılışı 3 ay davam edəcək. Bankın səhmlərinə abunə yazılışını ABB mobile tətbiqindəki "İnvestisiya" bölməsindən, ABB-nin bütün filiallarından, həmçinin, səhmlərin emissiyasının anderrayteri olan "ABB İnvest" və ölkəmizdəki digər investiya şirkətləri vasitəsilə həyata keçirmək olar", - deyə A.İbrahimov əlavə edib.

44 - Tezliklə