2021-ci il dövlət büdcəsinin layihəsi Milli Məclisə təqdim olunub

2021-ci il dövlət büdcəsinin layihəsi Milli Məclisə təqdim olunub 2021-ci il dövlət və icmal büdcənin layihələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunub.
Maliyyə
2903
21 Dekabr , 2020 11:58
2021-ci il dövlət büdcəsinin layihəsi Milli Məclisə təqdim olunub
0 : 00
0 : 00

Prezident İlham Əliyev 2021-ci ilin dövlət və icmal büdcənin layihələrini Milli Məclisə təqdim edib.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, büdcə layihələri “Büdcə sistemi haqqında” qanun, dövlət başçısının müəyyən etdiyi ölkənin qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı, habelə dövlətin iqtisadi siyasətinin prioritet istiqamətləri üzrə qarşıda duran vəzifələr əsas götürülməklə tərtib edilib.

Növbəti ilin büdcə layihəsinin əsas xüsusiyyətlərindən biri 2020-ci ildə erməni işğalçılarına qarşı zəfər qazandığımız Vətən müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi kimi şərəfli və məsuliyyətli vəzifələrin icrası üçün maliyyə təminatının yaradılmasıdır.

İcmal büdcənin göstəriciləri

2021-ci il icmal büdcəsinin gəlirləri 23828,1 milyon manat proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 1 465,1 milyon manat və yaxud 6,6 % çoxdur.

İcmal büdcənin xərcləri 31 163,4 milyon manat olacaq ki, bu da 2020-ci illə müqayisədə 855,1 milyon manat və yaxud 2,8 % çoxdur.

2021-ci ilin icmal büdcəsinin kəsiri 7 335,3 milyon manat təşkil etməklə 2020-ci illə müqayisədə 610,1 milyon manat və yaxud 7,7 % azdır. Kəsir proqnozlaşdırılan ÜDM-in 9,7 %-nə bərabər olacaq ki, bu da 2020-ci illə müqayisədə 1,4 faiz-bənd azdır.

Dövlət büdcəsinin göstəriciləri

2021-ci il dövlət büdcəsinin gəlirləri 25 427,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 33,6 %-i həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 303,0 milyon manat və yaxud 5,4 %, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1 208,9 milyon manat və yaxud 5 % çoxdur.

2021-ci il dövlət büdcəsinin xərcləri 28 543,0 milyon manat (ÜDM-də xüsusi çəkisi 37,7 %) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1050,8 milyon manat və yaxyd 3,8 %, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 117,1 milyon manat və yaxud 16,9 % çoxdur.

Növbəti ilin dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 63,1 %-i qədər və yaxud 18 014 milyon manat, əsaslı xərclərə 29,2 %-i qədər və yaxud 8 330,3 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclərə 7,7 %-i qədər və yaxud 2 198,8 milyon manat vəsait yönəldiləcək.

2021-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri (büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərclərinin cəmi) 11 111,9 milyon manat məbləğində proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 563,8 milyon manat və yaxud 5,3 % çoxdur.

2021-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 116,0 milyon manat məbləğində nəzərdə tutulur. Büdcə kəsirinin ÜDM-ə nisbəti 4,1 % təşkil edəcək ki, bu da 2020-ci illə müqayisədə 0,6 faiz-bənd azdır.

Kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma, 1 yanvar 2021-ci il tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi