2021-ci il Azərbaycanın bank sektoru üçün nə vəd edir?

2021-ci il Azərbaycanın bank sektoru üçün nə vəd edir? Pandemiyadan irəli gələn effektin hələ nə qədər davam edəcəyi tam məlum deyil
Maliyyə
22 Fevral , 2021 14:25
2021-ci il Azərbaycanın bank sektoru üçün nə vəd edir?

Ölkədə tətbiq edilən karantin qaydalarında müxtəlif güzəştlərə gedilməsi, pandemiyanın sona yetəcəyi ilə bağlı cəmiyyətdə yaranan ümidlər bütün sahələrdə olduğu kimi iqtisadi sferada da yeni müzakirələrin yaranmasına əsas verir, maliyyə bazarının iştirakçıları arasında canlanma yaradır. İlk olaraq göz önünə ölkə iqtisadiyyatının əsas sütunlarından sayılan bank sektorundakı vəziyyət gəlir. Məlumdur ki, ötən ildən pandemiyanın yayılması müxtəlif biznes obyektləri və iş sahələrinin fəaliyyətini dayandırmasına və ümumilikdə əhalinin maddi yaşam səviyyəsində geriləmələrə səbəb oldu. Bu isə təbii olaraq bank sektorunda da müəyyən təsirlənmələrə yol açdı. Belə olan halda bütün diqqət 2021-ci ildə sosial-iqtisadi həyatda baş verəcək tendensiyalara və bunların bankların işinə necə təsir edəcəyinə yönəlir.

İqtisadçı-ekspert Cəfər İbrahimlinin “Report”a verdiyi açıqlamaya görə, 2020-ci ilin sonunda baş verən bəzi müsbət hadisələr bu il bank sektorunun dirçəlməsi ilə bağlı yeni ümidlər yaradıb:

"Azərbaycandakı mövcud yeni şərtlər banklar üçün bu ilin bir az rahat keçəcəyini göstərir”

Cəfər İbrahimli

İqtisadçı-ekspert

2020-ci il pandemiyanın yayılması səbəbilə dünya ölkələrində, o cümlədən Azərbaycanda bütün sektorlar kimi bank sektoru üçün də uğursuz il oldu. Çünki iqtisadi aktivliyin aşağı düşməsi iqtisadi subyektlərin hamısına təsir edir. Bu zaman ilk təsir elə bank sektoruna olur. 2021-ci ildə pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərin bir qədər aradan qalxması və Azərbaycan üçün uzunmüddətli problem olan Qarabağ məsələsinin həlli yeni ümidlər yaradıb. Xüsusilə Qarabağda aparılacaq yenidənqurma işləri, bu əraziyə əlavə investisiyaların yatırılması bankların da bu sahəyə cəlb edilməsinə səbəb olacaq və banklar üçün həm kredit portfelinin böyüməsi, həm də gəlirlərin artması baxımından əlavə fürsətlər açacaq.

Ekspert bank faizləri məsələsinə də toxunub:

“Azərbaycanda faizi təkcə banklar müəyyənləşdirmir. Bank faizlərini makroiqtisadi göstəricilər, iqtisadiyyatdakı ola biləcək risklər və investisiya mühiti müəyyənləşdirir. Azərbaycanda faizlərin sürətli şəkildə aşağı düşməsi o qədər də gözlənilən deyil. Bizdə kredit faizlərinin bundan aşağı düşməsi fundamental dəyişiklərin nəticəsində müəyyən bir zaman çərçivəsində mümkün ola bilər. Altı aydan və ya bir ildən bir faizlərin sürətli dəyişməsini gözləmək olmaz.

Bank sektoru üçün əsas məsələlərdən biri də manatın məzənnə məsələsidir. Bu məsələnin necə olacağı banklar üçün də bir qədər risk və çətinliklər yaradır. Mərkəzi Bankın siyasəti ən azı yaxın 1-2 ildə məzənnənin sabit saxlanılması yönündə olsa da, bazar və investorlar müəyyən gözləntilər qarşısındadır. Bazarın gözləntisi manatın ola biləcək dəyər dəyişikliyi ilə bağlı məsələdir ki, bu məsələ bir qədər investisiyaların yatırılması prosesini dayandırır. Cəmiyyətdəki bu gözləntilərin tamamilə ortadan qaldırılması lazımdır. Bu isə bir qədər zaman ala bilər. Bununla belə, keçən illə müqayisədə 2021-ci il Azərbaycandakı mövcud yeni şərtlər banklar üçün bu ilin bir az rahat keçəcəyini göstərir”.

“Unibank” ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib ki, bu il üçün gözləntilər karantin məhdudiyyətlərinin nə vaxt aradan qaldırılmasından asılıdır:

"Səbrsizliklə gözləyirik ki, yerdə qalan məhdudiyyətlər də aradan qaldırılsın"

Faiq Hüseynov

Unibankın rəhbəri

“Pandemiyadan irəli gələn effektin hələ nə qədər davam edəcəyi tam məlum deyil. Bu, öz növbəsində birbaşa həm kredit portfelinin keyfiyyətinə, həm də yeni kreditlərə insanların tələbatına öz təsirini göstərə bilər. Ümid edirəm ki, vaksinasiya prosesi uğurla keçəcək, pandemiyadan irəli gələn məhdudiyyətlər aradan qalxacaq və bu da öz növbəsində real sektora təkan verəcək. Səbirsizliklə gözləyirik ki, yerdə qalan məhdudiyyətlər də aradan qaldırılsın. Məsələn, şadlıq saraylarının açılması. Bu biznes bizim qeyri-neft sektorunun mühüm bir hissəsini təşkil edir. Bu da öz növbəsində yerli və xarici qida məhsullarının istifadəsini artırır. Şadlıq evləri açılanda həm yerli, həm də idxal olunan qida məhsullarına tələbat artacaq. Hələ ki, pandemiyanın nə qədər davam edəcəyi dəqiq bilinmədiyindən 2021-ci il üçün proqnozlar vermək çətindir.

Kredit faizlərinə təsir göstərən əsas məsələ kreditə tələbat və bank sistemində likvidliyin yüksək olmasıdır. Bu gün likvidlikdə kəskin artım yoxdur. Yəni banklarda depozitlərin həcmi kəskin artmır. Ona görə də bazarda faiz dərəcələri üzrə nisbi sabitlik mövcuddur”.

İqtisadçı-ekspert Rəşad Həsənova görə, bu il bankların kredit portfelində əhəmiyyətli artım gözlənilmir:

"2021-ci ildə vəziyyət pandemiyanın nə vaxt başa çatmasından və hökumətin bu istiqamətdəki baxışından asılı olacaq"

Rəşad Həsənov

İqtisadçı-ekspert

2021-ci il üçün proqnozlar həm beynəlxalq təşkilatlar, həm də Azərbaycan hökuməti tərəfindən bir neçə əsas parametr nəzərə alınmaqla hazırlanır. Burda əsas parametr pandemiyanın nə vaxt başa çatmasıdır. İlin birinci yarısında ölkə pandemiya ilə vidalaşmasa, vəziyyət daha da pisləşə bilər. 2021-ci il ərzində kredit portfelin əhəmiyyətli səviyyədə artması ehtimalları yoxdur. Dövlətin əlində olan alətlər vasitəsilə bazara vəsaitin daxil olması gözlənilir. İpoteka ilə bağlı ola bilər ki, ilin ikinci yarısında dövlət büdcəsindən ayırmalar artırılsın və daşınmaz əmlak bazarının müəyyən səviyyədə saxlanılması yaxud resessiyanın qarşısını almaq məqsədilə ipoteka kreditlərinin verilməsi təşviq olunsun. Sahibkarlığın İnkişaf Fondu vasitəsilə verilən kreditlərin həcmində də əhəmiyyətli artım gözlənilmir. Ola bilsin ki, hökumət ilin ikinci yarısında büdcədən ayırmalar və ya digər alətlərdən istifadə yolu ilə bu istiqamətdə müəyyən addımlar atsın. Əslində kommersiya banklarının izafi likvidliyi var. Amma onlar bazarda rahat şəkildə fəaliyyət göstərə bilmirlər. Çünki pandemiya konyukturu əhəmiyyətli səviyyədə pisləşdirib və biznes subyektlərinin kredit qaytarma qabiliyyəti azalıb. Bir çox sahələrə ümumiyyətlə kredit verilməsi dayandılırıb.

Onun sözlərinə görə, həm pandemiya, həm də 2015-ci ildən sonrakı dövrdə yaranmış konyuktur bankların əlində olan sağlam müştəri kontingentinin ciddi şəkildə kiçilməsinə gətirib çıxarıb: "Bu kiçilmə son nəticədə sağlam müştərilərin əldə edilməsi və cəlb edilməsi istiqamətində rəqabəti dərinləşdirir. Bu proses müəyyən qədər faizlərin azalmasına təsir göstərə bilər. Çünki sahibkarların özünün təşəbbüskarlığı aşağı düşüb, yeni investisiya qoyuluşlarının meylliliyi azalıb. Belə şərtlər daxilində onlara cəlbedici kreditlər təklif edilmədiyi halda kredit götürməkdə maraqlı olmurlar. Həmçinin kredit portfelinin kiçilməsi güzəştli şərtlərlə verilən kreditlərin portfeldə xüsusi çəkisini artırır ki, bu da orta faiz dərəcələrinin aşağı düşməsinə səbəb olur. Təbii ki, burda Mərkəzi Bankın aparacağı monetar siyasət də prosesə təsir göstərəcək. İndiki halda Mərkəzi Bankın uçot dərəcəsinin artırılması ehtimalları aşağıdır. Çünki neftin qiyməti normaldır. Uçot dərəcəsi bizim bazarda daha çox məzənnə hədəfli bir alətə çevrilir. Hələlik inflyasiya səviyyəsi də tənzimlənən həddədir. Amma uçot dərəcəsinin azaldılması istiqamətində meyllər olarsa, bu özü də müəyyən qədər bazara əlavə vəsaitin daxil olması imkanı yarada bilər. Təəssüf ki, bizdə Mərkəzi Bank bir tərəfdən uçot dərəcəsini artırır, digər tərəfdən bankların maliyyələşməsi prosesində mərkəzləşdirilmiş kredit alətindən zəif istifadə edir”.

R.Həsənovun fikrincə, bu il banklar üçün o qədər də yaxşı il olmayacaq:

“Problemli kreditlərlə bağlı requlativ güzəştlər verilmişdi. Bu güzəştlərin vaxtı bitir və güzəşt müddətinin başa çatması son nəticədə problemli aktivlərin uçota alınmasına və bankların maliyyə vəziyyətinin pisləşməsinə səbəb ola bilər. Bu proses onların cəlb etdiyi vəsaitlərin də faiz dərəcələrinə mənfi təsir etməklə onun yüksəlməsinə və bankların faiz xərclərinin artmasına gətirib çıxara bilər.

2021-ci ildə vəziyyət pandemiyanın nə vaxt başa çatmasından və hökumətin bu istiqamətdəki baxışından asılı olacaq. İndiki halda görünən odur ki, hökumət əlavə dəstək paketlərindən istifadə etməyə meylli deyil. Vəziyyət bu şəkildə davam edərsə və pandemiya uzanarsa, bu il maliyyə-bank sektorunun ümumi göstəriciləri 2020-ci illə müqayisədə belə daha pis ola bilər. Böyük ehtimalla depozit hərraclarında faizlər aşağı düşəcək. Notların faiz dərəcələrində isə nisbətən tələbin özünün də yüksək olması tarazlanmış səviyyə yaradacaq. Amma bankların əldə etdiyi gəlirlərin əhəmiyyətli hissəsi real iqtisadiyyatda yerləşdirilən vəsaitlərdən əldə olunan faizlər hesabına olur. Odur ki, hələ də konyuktur ürəkaçan deyil və əlavə tədbirlərin görülməsi zərurəti var. Hökumətin məsələyə necə baxmasından asılı olaraq hadisələr inkişaf edəcək”.

Son xəbərlər

Orphus sistemi