Azərbaycan Futzal Federasiyasının prezidenti: "Hər oyunun fasiləsində söhbət etdim, ikinci hissədə qələbə qazandıq"

Azərbaycan Futzal Federasiyasının prezidenti: "Hər oyunun fasiləsində söhbət etdim, ikinci hissədə qələbə qazandıq" Zaur Axundov: “Biro Jadedən mənim də narazı qaldığım məqamlar var”
Komanda
12 Aprel , 2017 10:07
Azərbaycan Futzal Federasiyasının prezidenti: Hər oyunun fasiləsində söhbət etdim, ikinci hissədə qələbə qazandıq

Bakı. 12 aprel. REPORT.AZ/ “Azərbaycan futzal ictimaiyyətini milli komandanın ardıcıl 5-ci dəfə Avropa çempionatının final mərhələsinə yüksəlməsi münasibətilə təbrik edirəm. Əsas seçmə mərhələdə yüzfaizlik nəticə ilə birinci yeri tutduq. Bundan artıq sevinc ola bilməz. 2018-ci ilin yanvarında Sloveniyada keçiriləcək qitəmiqyaslı yarışa artıq avqustdan start verəcəyik”. 

“Report”un məlumatına görə, bunu Futzal Federasiyasının prezidenti Zaur Axundov Azərbaycan milli komandasının 2018-ci il Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmasına münasibət bildirərkən jurnalistlərlə söhbətində deyib.

Z.Axundov bildirib ki, 2018-ci il Avropa çempionatının əsas seçmə mərhələsinin III turunda Macarıstanı 6:1 hesabı ilə məğlub edərək, ardıcıl 5-ci dəfə qitə birinciliyinə vəsiqə qazanması asan başa gəlməyib. O, qrup mərhələsinin hər 3 oyunun fasiləsində paltardəyişmə otağına enərək, futzalçılarla söhbət etdiyini və yığmanın həmin qarşılaşmaların 2-ci hissəsində qalib gəldiyini vurğulayıb: “Təkcə Bosniya və Herseqovinaya 5:4 hesabı ilə qalib gəldiyimiz ilk oyun yox, hər üç görüş çox ağır keçdi. Təkcə Albaniya və Macarıstanla oyunların birinci hissələrini yada salmaq lazımdır. Təbii ki, hər 3 komanda bizə qarşı çox ciddi hazırlaşmışdı. Bunu 6:1 hesabı ilə qalib gəldiyimiz Macarıstanla və 5:0 hesablı qələbə qazandığımız Albaniyaya qarşı matçlarda da gördünüz. Hamı Azərbaycana qarşı bacardığından da artıq oyun sərgiləmək istəyir. Mənim özümdə də, komandada da narahatlıq var idi. Hər oyunun fasiləsində paltardəyişmə otağına enir, uşaqlarla söhbət edirdim. Yəni, biz oyunların ağır keçəcəyini, hər 3 rəqib bizə qarşı çox aqressiv oyun sərgiləyəcəyini gözləyirdik. Bununla belə, futzalçılarımız qələbəni demək olar ki, hər 3 oyunun ikinci hissəsində qazandılar. Birinci hissədə qələbə qazana bilmədik”.

Azərbaycan yığması Avropa çempionatına vəsiqə qazanmasına rəğmən, AFFA İcraiyyə Komitəsinin üzvü olan federasiya rəhbəri komandanın baş məşqçisi Biro Jadedən narazılığını ifadə edib. O, braziliyalı mütəxəssisdə çatışmazlıqların olduğunu söyləyib: “Təbii ki, narazı məqamlarımız da oldu. Şəxsən məndə də... Biro Jade peşəkar futzalçı olub. O, Serjao, Felipe kimi futzalçıları xatırlayırsınız, hamısı çox iş görüblər. Bunu unutmaq olmaz. Amma baş məşqçi vəzifəsi tam fərqli səviyyədir. Bunun üçün illər, təcrübə, məşqçilik məktəbi keçmək lazımdır. Açığı, bunlar hazırkı baş məşqçimizdə çatışmır. Biro Jade Miltinyonun dönəmində millimizə ikinci məşqçi kimi dəvət olunmuşdu. Miltinyo ailəsindəki problemlə əlaqədar getdikdən sonra mövsümün ortasında və Avropa çempionatın əsas seçmə mərhələsinə 3-4 ay qalmış baş məşqçi axtarmaq çətin olardı. Ona görə də komandanı bir sınaq kimi Biro Jadeyə həvalə etdik. Fikrimcə, ona bir gənc kimi təcrübə lazımdır. İstəsə, yenə Azərbaycanda qalacaq, millidə çalışacaq. Özü ölkəmizi çox sevir. Amma baş məşqçi məsələsinə gələn ay yenidən qayıdacağıq. Biz artıq Avropa çempionatındayıq, vəsiqəmiz cibimizdədir. Baş məşqçimizin kimliyindən asılı olmayaraq, Sloveniyada bizə nəticə lazımdır”.

Qeyd edək ki, AFFA-nın baş katibi Elxan Məmmədov Macarıstan yığması ilə görüşdən sonra verdiyi müsahibədə Biro Jade ilə müqavilənin müddətini uzadacaqlarını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi