Yuxarı

Vladimir Danilov: "Ümumdünya Şahmat Olimpiadası Azərbaycanı beynəlxalq arenada daha da tanıdacaq"

Azərbaycan yığması medallar uğrunda ciddi mübarizə aparacaq

Buxarest, 13 iyul. REPORT.AZ/ Rumıniya Şahmat Federasiyasının (RŞF) baş katibi Vladimir Danilovun “Report”un Şərqi Avropa Bürosuna müsahibəsi...

- Sentyabrın ilk yarısında Bakıda Ümumdünya Şahmat Olimpiadası keçiriləcək. Rumıniya milli komandası qarşıdakı mötəbər yarışa necə hazırlaşır?

- Mayın sonları - iyunun əvvəllərində Rumıniyanın Mamaya şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatı keçirilib. Çempionat ərəfəsində Rumıniyanın şahmatçı qadınlardan ibarət yığma komandası təlim-məşq toplanışında iştirak edib. Mayda isə kişilərdən ibarət yığmada təmsil olunan şahmatçılar üçün də belə bir toplanış təşkil olunub. RŞF Bakıda keçiriləcək olimpiadaya hazırlıq məqsədilə daha bir toplanış keçirməyi planlaşdırır.

- Rumıniya yığmasından Bakıdakı olimpiadada hansı nəticəni gözləmək olar?

- Hesab edirəm ki, şahmatçılarımızın göstərəcəkləri oyunla qadın yığmamız ilk "10-luq"da, kişilər isə "20-lik"də qərarlaşacaqlar.

- Dünyanın ən gənc beynəlxalq qrossmeysteri Boqdan Daniel Dik da Rumıniya millisi ilə birgə Ümumdünya Şahmat Olimpiadasında iştirak məqsədilə Bakıya gələcək. Dikin hazırlıq səviyyəsi necədir və ondan nə gözləyirsiniz?

- Əlbəttə, Boqdandan olimpiada ilə bağlı hələ xüsusi gözləntilərimiz yoxdur. O da yarışa hazırlaşır. İnanırıq və hesab edirik ki, dünyanın ən güclü şahmatçılarından biri olacaq. 14 yaşında FİDE-nin reytinq cədvəlində 2650-dən çox xal toplayan şahmatçılarla mübarizədə artıq çox yaxşı nəticələr qazanıb. İndi ona güclü qrossmeysterlərlə stol arxasında oturub şahmat oynamaq daha çox lazımdır. Ümid edirik ki, Bakıdakı olimpiadada iştirak etməklə, Boqdan çox gözəl təcrübə qazanmış olacaq.

- Zəngin şahmat ənənələrinə malik Azərbaycanın bu mötəbər yarışda şanslarını necə qiymətləndirisiniz?

- Əlbəttə, Azərbaycanın kişilərdən ibarət yığma komandası çox güclüdür. Sözsüz ki, yığmanız olimpiadanın medalları uğrunda ciddi mübarizə aparacaq. Qadın yığmasında təmsil olunan şahmatçılar isə hələ gəncdir. Fikrimcə, onlar da yarışda uğurla mübarizə apararaq öz sözlərini deyəcəklər və sonda ilk "10-luq"da qərarlaşacaqlar.

- İndiyədək bir çox yüksək səviyyəli tədbirlərə, dünya və Avropa çempionatlarına ev sahibliyi edən Azərbaycanın, Sizcə, Ümumdünya Şahmat Olimpiadasındakı qazancı nə olacaq?

- Deyərdim ki, bu yarış Azərbaycanı, eləcə də paytaxt Bakını beynəlxalq arenada daha da tanıdacaq, ölkənizdə ümumilikdə şahmat hərəkatının inkişafına təkan verəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi