UNEC-in baş məşqçisi: "15-16 yaşlı voleybolçular təcrübəlilərlə mübarizədə tam çatdıra bilmirlər"

Komanda
  • 19 mart, 2025
  • 11:17
UNEC-in baş məşqçisi: 15-16 yaşlı voleybolçular təcrübəlilərlə mübarizədə tam çatdıra bilmirlər

Gənclər, 15-16 yaşlı voleybolçular təcrübəli oyunçularla mübarizədə tam çatdıra bilmirlər.

Bunu "Report"a açıqlamasında qadınlardan ibarət UNEC komandasının baş məşqçisi Etibar Qasımov deyib.

Təcrübəli mütəxəssis xala həsrət qalan komandasının Yüksək Liqada 16 turdan sonuncu pillədə qərarlaşması ilə bağlı danışıb:

"Komandamız hazırda zəif çıxış edir. Heyət gənc və yerli voleybolçulardan ibarətdir. Əksəriyyətinin 15-17 yaşı var. Cəmi bir legionerimiz var. Növbəti mövsümdə biz də heyətə legioner oyunçular cəlb etmək niyyətindəyik. Komanda güclənəcək. Həmin vaxt yaxşı nəticələr də qazanacağıq".

E.Qasımov hazırkı heyətdə perspektivli gənclərin olduğunu diqqətə çatdırıb:

"Onlara da növbəti mövsüm şans verəcəyik. Qızlar getdikcə inkişaf edirlər. Mövsümün əvvəlində çox çətinlik çəkirdik. Amma vaxt keçdikcə top fərqində azalmalar hiss olundu. Gənclər, 15-16 yaşlı voleybolçular təcrübəli oyunçularla mübarizədə tam çatdıra bilmirlər. Onlar yetişmək üçün şans qazanmalı və oynamalıdırlar. Həmin qızlar 2-3 ildən sonra yığmanın üzvü olacaqlar".