“Tour d’Azerbaidjan-2015”in ikinci mərhələsinin qalibi: "Sprint mərhələsi çox ağırdır"

“Tour d’Azerbaidjan-2015”in ikinci mərhələsinin qalibi: "Sprint mərhələsi çox ağırdır" "Komanda yoldaşlarım da məni çox dəstəklədi"
Komanda
7 May , 2015 17:52
“Tour d’Azerbaidjan-2015”in ikinci mərhələsinin qalibi: Sprint mərhələsi çox ağırdır

Bakı. 7 may. REPORT.AZ/ "Doğrudan da çətin mübarizə idi. Əsasən son yoxuşda irəli atılmağa çalışdım və bu məndə alındı". "Report"un məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaidjan-2015" beynəlxalq veloyürüşünün ikinci mərhələsinin qalibi olmuş Primoş Roqliç deyib.

Qələbənin əhəmiyyətindən söz açan idmançı İsmayıllıda ikinci dəfə uğur qazandığını bildirib: "Buna yenidən nail olmaq üçün çox çalışırdım. Özümü xoşbəxt hiss edirdim. Yenidən lider köynəyini özümdə saxlamağa çalışacağam. Hərçənd sprint mərhələsi çox ağırdır".

İkinci yerə sahib çıxan Azərbaycanın "Synergy Baku" klubunun üzvü Matey Muqerli çətin mərhələ olduğunu bildirib. O, komanda yoldaşları tərəfindən dəstək aldığını söyləyib: "İlk növbədə yoxuşlardan istifadə edərək irəli atılmağa çalışdıq. Komanda yoldaşlarım da məni çox dəstəklədi. "Adria Mobil" komandası ilə yarışa çox ciddi hazırlaşmışıq".

“Synergy Baku”nun digər üzvü Maksim Averin məqsədinin köynəyi əldə etmək üçün irəli atılmaq olduğunu söyləyib: "Əlbəttə, sprintdə mən daha güclüyəm. Aralıq finişində məqsəd qoyulmuşdu ki, köynəyi əldə etmək üçün irəli atılım. Dağ velosipedində lider olan idmançıları keçmək mənim üçün çətin idi. Şəxsi nailiyyətim önəmli deyil. Önəmlisi odur ki, komanda yoldaşım ikinci oldu. Hələ yarış davam edir. Mən də ən yaxşı sprinter köynəyini özümdə saxlamağa çalışacağam".

"Bakı 2015" I Avropa Oyunlarında uğurla çıxış etmək niyyətində olduqlarını bildirən sprinter bunun üçün yürüşün marşrutu ilə üst-üstə düşəcək 5-ci mərhələdə yüksək səviyyəli nəticə göstərməyə çalışacaqlarını deyib.

Azərbaycanın gözəl təbiətinə valeh olduğunu bildirən ABŞ təmsilçisi Kristofer Horner isə maraqlı mübarizədə iştirak etdiyini vurğulayıb. Onun sözlərinə görə, ön qrupda ən güclü 16 velosipedçi təmsil olunub: "Bir-birimizi dəstəkləyərək ön pillələri qoruyurduq. Amma indiki halda bu, yaxşı nəticədir. Çünki cəmi bir gün istirahət etmişdik". 

Son xəbərlər

Orphus sistemi