EEVZA-da həm Voleybol Federasiyanı, həm də Azərbaycanı yüksək səviyyədə təmsil etmək istəyirik.
Bunu “Report”a açıqlamasında Azərbaycanın 16 yaşadək qızlardan ibarət yığmasının baş məşqçisi Şahin Çatma deyib.
Mütəxəssis komandanın Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatındakı hədəflərindən danışıb:
“Noyabrın 20-dən 23-nə qədər keçirəcəyimiz oyunlarda həm federasiyanı, həm də Azərbaycanı çox yaxşı şəkildə təmsil etmək ən böyük arzumuzdur. Uşaqların komanda şəklində əllərindən gələni edəcəklərinə şübhəmiz yoxdur. Hədəf bütün yarışlarda uğur qazanmaqdır. Bununla yanaşı, turnirdə iştirak edəcək oyunçuların 13-14 yaşlarında olmaları da unudulmamalıdır”.
Ş.Çatma komandanın hazırlığını dəyərləndirib:
“Martdan etibarən çalışmalara başlamışıq. 2010-2011 təvəllüdlü idmançılardan təşkil olunan bir qrupla məşqlərə davam edirik. Rəhbərliyin yaratdığı imkanlar daxilində 8 aydır bəzən təlim-məşq toplanışlarında, bəzən isə zallarda aşağı yaş qruplarının inkişafına çalışırıq. Məqsədimiz, sadəcə, yarışlara hazırlaşmaq deyil, həm də yığma üçün voleybolçu yetişdirməkdir. Təbii, bunu edərkən həm də yaxşı nəticələr qazanmaq istəyirik. Rəhbərlik bu yöndə bizə böyük dəstək verir”.
Noyabrın 20-23-də Polşada keçiriləcək çempionatda ev sahibləri ilə yanaşı, Azərbaycan, Latviya, Gürcüstan, Ukrayna, Litva və Estoniya yığmaları mübarizə aparacaq. B qrupunda yer alan millimizin rəqibləri Litva, Ukrayna və Estoniya kollektivləridir.
Qeyd edək ki, yarış AVRO-2025-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.