"Güclü və zəif tərəflərimizi artıq bilirik. Çatışmazlıqların üzərində işləməliyik".
Bunu "Report"a açıqlamasında “Sabah” basketbol klubunun idman direktoru Elşən Yusubov Serbiyada təşkil olunmuş təlim-məşq toplanışı barədə danışarkən deyib.
Funksioner komandanın yüksək formaya çatmağa yaxın olduğunu bildirib: "Serbiyadakı hazırlıq prosesində də məqsədlərdən biri bu idi. Oradakı toplanış normal keçdi. Altı rəqiblə yoxlama oyunu keçirməli idik. Lakin biri səfərə yollandığı üçün alınmadı. Beş görüşdən isə üçündə qələbə qazandıq. Hazırlıq planına uyğun fitnes və taktiki məşqlərimiz də davam edirdi. Oyunçular da qənaətbəxş təsir bağışladılar".
Yusubov yeni transferlərin komandaya rəng qatdıqlarını söyləyib: "Onların kollektivə uyğun olduqlarını gördük. Hazırlıq prosesində nə istəyirdiksə, ona da nail olduq. Baş məşqçi də oyunçulardan razıdır".
İdman direktoru artıq transferlərin bitdiyini diqqətə çatdırıb: "Əlavə oyunçunun gəlməsi gözlənilmir. Hansısa basketbolçu zədələnsə və oynamasında problem yaransa, yeni oyunçu cəlb edə bilərik".
O, son olaraq FİBA Avropa Kubokundakı şanslardan da söz açıb: "Asan olmayacaq. "Sabah" klubu ötən il ilk dəfə çempion olub və avrokuboklara qatılır. Rəqiblərimizi də nəzərə almalıyıq. Onlar artıq formalaşmış komandalardır. Mən də arzu edirəm ki, "Sabah"dan başqa, digər klublar da avrokuboklarda uğurlu çıxış etsinlər. Bu turnirdə yaxşı yer tutacağımıza ümid edirəm".
Qeyd edək ki, "Sabah" FİBA Avropa Kubokunda “Donar” (Qroningen, Niderland), “Rabotniçki” (Skopye, Şimali Makedoniya) və Rapid”lə (Buxarest, Rumıniya) üz-üzə gələcək. Qarşılaşmalar 2-5 oktyabrda olacaq.