Məncə, İsveç komandasına qalib gələ biləcək səviyyədəyik.
Bunu "Report"a açıqlamasında "Sabah"ın basketbolçusu Artyoms Butyankovs deyib.
Latviyalı oyunçu əvvəlcə FIBA Avropa Kubokunda "Marussi"yə (Yunanıstan) Bakıda məğlub olduqları görüş barədə danışıb:
"Çətin oyun olacağını bilirdik. Düşündüyümüz kimi də oldu. Rəqib Yunanıstan Liqasında çıxış edir və ölkə çempionatındakı rəqibləri Avroliqa səviyyəsindədir. Hər mövqedə güclü oyunçuları var. Yerli basketbolçuların səviyyəsi də yüksəkdir. Oyunun favoritinin "Marussi" komandası olduğunu bilirdik. Azarkeşlərə təşəkkür etmək istərdim. Bakı İdman Sarayında əla atmosfer var idi. Məğlubiyyətə baxmayaraq, bizi sona qədər dəstəklədilər. Biz də öz növbəmizdə onları sevindirmək üçün əlimizdən gələni etdik. Lakin təəssüf ki, alınmadı".
O, "Norrçepinq Dolfins" (İsveç) ilə növbəti matçı qələbə ilə başa vurmaq istədiklərini söyləyib:
"Bizim komanda daha çox ABŞ və Avropadan olan basketbolçulardan təşkil olunub. Daha yaxşı anlaşma və bir-birimizə uyğunlaşma baxımından bir yerdə çox oynamalıyıq. Lakin məncə, oyundan oyuna inkişaf edirik. "Norrçepinq Dolfins"lə matçda hər iki komandaya qələbə qazanmaq çox vacibdir. Çünki onlar da bizim kimi ilk 2 görüşdə məğlub olublar. Məncə, İsveç komandasına qalib gələ biləcək səviyyədəyik. Tam olaraq qarşılaşmaya fokuslanmalıyıq. Fürsətdən istifadə edərək azarkeşlərimizi oyuna dəvət edirəm. Ümid edirəm ki, "Norrçepinq Dolfins"lə görüşdə də tribunalar dolu olacaq".
Qeyd edək ki, "Sabah" FIBA Avropa Kubokunun G qrupunda "Spiru"ya (Belçika) səfərdə 81:82, "Marussi"yə isə Bakıda 70:82 hesabı ilə məğlub olub. Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv oktyabrın 23-də Bakı İdman Sarayında "Norrçepinq Dolfins" ilə qarşılaşacaq.