Çempionlar Liqasının təsnifat mərhələsindən əvvəl yoxlama oyunları bizə lazım idi.
Bunu "Report"a açıqlamasında "Sabah" basketbol klubunun kapitanı Endər Poladxanlı deyib.
25 yaşlı oyunçu hazırlıq prosesi barədə fikirlərini bölüşüb:
"Avqustun 5-də Bakıda məşqlərə start verdik. Ayın 20-dən isə Litvada toplanışı davam etdirdik. Hələlik beş yoxlama oyunu keçirmişik. Üçündə qələbə qazandıq, digər ikisində isə məğlub olduq. Məncə, uğurlu alındı. Litvanın "Yonava" kollektivinə uduzmağımızın (68:97) səbəbi var idi. Biz ardıcıl iki gün oyun keçirdik. Almaniya təmsilçisi "Rostock Seawolves"ə 72:71 qalib gəldiyimiz qarşılaşmada çox güc sərf etdik. Bir az yorğunluq hiss olunurdu".
O, Çempionlar Liqasının təsnifat mərhələsi ərəfəsində komandanın yaxşı formada olduğunu bildirib:
"Son olaraq "Jalgiris"ə 62:94 hesabı ilə yenildik. Onların gücü hamıya bəllidir. Bu kluba qarşı oynamaq təcrübə idi. Böyük hesabla məğlub olsaq da, üç periodda başabaş mübarizə apardıq. Birinci periodda rəqibin təzyiqini gözləmirdik. Fərq də bu periodda oldu. Digərlərində başabaş çıxış edirdik. Bu gün sonuncu matçda Litva çempionu "Ritas"la üz-üzə gələcəyik. Bu cür komandalara qarşı oynamaq çox yaxşıdır, bizə təcrübə qazandırır. Çempionlar Liqasının təsnifat mərhələsindən əvvəl yoxlama oyunları bizə lazım idi. Düşünürəm ki, komanda olaraq yaxşı formadayıq. Seçmə mərhələyə tam hazır şəkildə başlayacağıq".
Qeyd edək ki, "Sabah" yerli "Majeykyay" klubunu 76:57, "Neptunas"ı 82:71 hesabı ilə üstələyib.