Böyük ehtimalla sentyabrda başlayacaq yeni mövsümə qədər oyun idarə etməyəcəyəm.
Bunu “Report”a açıqlamasında 20 yaşadək oğlanlar arasında Rumıniyada keçirilən basketbol üzrə Avropa çempiontının oyunlarını idarə edən azərbaycanlı hakim Ələkbər Həsənov qolunu zədələməsi ilə bağlı danışarkən deyib.
Mütəxəssis hadisənin necə baş verdiyini izah edib və qolunun gipsə salındığını söyləyib:
“20 yaşadək oğlanlar arasında Avropa çempionatının B divizionunda 3 oyun idarə etdikdən sonra istirahətə çıxmışdım. Yol gedərkən ayağım burxuldu və sağ qolumun üzərinə yıxıldım. Azərbaycan yığmasının həkiminə müraciət etdim, qoluma baxdı və təcili rentgen olunmağın vacibliyini dedi. Rumıniyada rentgendən keçdikdən sonra iki yerdə xırda sınıq aşkarlandı. Əməliyyat olunmağı və ya qolumun gipsə qoyulmasını təklif etdilər. Təbii olaraq əməliyyatdan imtina etdim və qolumu gipsə saldılar. 10 gün gipsdə qaldıqdan sonra intensiv terapiya olunmalıdır ki, qol öz funksiyasını itirməsin. Artıq 3 gün keçib. İyulun 22-də Bakıya qayıdacağıq və yenidən həkim yoxlanışından keçərək son durumu öyrənəcəyik. Daha sonra gipsi çıxarıb terapiyaya başlayacağıq”.
O, müəyyən müddət hakimlikdən uzaq qalacağını da nəzərə çatdırıb:
“Bu vəziyyətdə oyunları idarə edə bilməyəcəyəm. Hakimlik fəaliyyətimi müvəqqəti dayandırmışam. Avqustda Yunanıstanda 20 yaşadək oğlanlar arasında Avropa çempionatı keçiriləcək. Çox güman, oraya da gedə bilməyəcəyəm. Böyük ehtimalla sentyabrda başlayacaq yeni mövsümə qədər oyun idarə etməyəcəyəm”.