Yuxarı
    Bağlamaq

    Qubada yumruq davası: "Baku Fires" qələbə qazanıb

    Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının yeni mövsümünün ilk görüşü keçirilib

    Bakı. 17 yanvar. REPORT.AZ/ Bu gün Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) yeni mövsümünün ilk görüşü keçirilib. "Report"un məlumatın görə, Azərbaycanın “Baku Fires” klubu İtaliyanın “İtalia Thunder” komandası ilə qarşılaşıb.

    İlk olaraq rinqə 75 kq çəki dərəcəsində Nikolay Veselov və Salvatore Kavallaro çıxıb. Gərgin keçən mübarizədən sonra "Baku Fires"in üzvü N.Veselov rinqi qələbə ilə tərk edib – 2:1.

    Daha sonra 49 kq çəkidə Məhəmməd İbiyev və Patrik Barns rinqə dəvət olunub. Azərbaycanlı idmançının Pekin və London Olimpiadalarının bürünc, 2010-cu ildə Avropa çempionatının qızıl medal mükafatçısı ilə döyüşündən qonaq komandanın boksçusu qalib ayrılıb (3:0) və ümumi hesab bərabərləşib -1:1.

    56 kq çəkidə isə Məhəmməd Qurbanov və Maykl Konlan üz-üzə gəlib. Bu döyüş İrlandiya boksçusunun məğlubiyyyəti ilə başa çatıb – 0:3.

    Rinqin növbəti qonaqları (64 kq) 2011-ci il Avropa çempionatının bürünc mükafatçısı Heybətulla Hacəliyev və eyni ildə Bakıdakı dünya çempionatında bürünc medala layiq görülən və London Olimiadasının üçüncüsü Vinçenzo Mangiakapre olub. Bu dəfə də sevinən (3:0) tərəf Azərbaycan klubu olub.

    Sonuncu döyüş Əbdülqədir Abdullayev və Fabio Turçi arasında keçirilib. 91 kq çəkidə mübarizə edən boksçuların döyüşündə azərbaycanlı idmançı 3-cü raundda rəqibini nokaut edib.

    Ümumilikdə "Baku Fires" mövsümün ilk görüşündə 4:1 hesablı qələbə qazanıb.

    Qeyd edək ki, WSB Liqasının V mövsümündə 16 komanda iki qrupda mübarizə aparacaq. "Baku Fires" B qrupunda "İtalia Thunder”lə yanaşı, "Astana Arlans”, "Argentina Condors”, "Caciques Venezuela”, "Puerto Rico Hurricanes”, "Rafako Hussars Poland” və USA Knockouts klubları ilə gücünü sınayacaq. A qrupunda isə Əlcəzair, Böyük Britaniya, Çin, Kuba, Meksika, Mərakeş, Rusiya və Ukrayna klubları yarışacaq. WSB Liqasından 17 boksçu mövsümün sonunda 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq. 49 kq, 91 kq və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi