Yuxarı

“Qarabağ” “İnter”ə qalib gələrək xal ehtiyatını artırıb

“Qarabağ” çempionluğa doğru daha bir inamlı addım atıb.

Bu gün futbol üzrə Topaz Premyer Liqasının 31-ci turunun ilk oyununda Ağdamın “Qarabağ” komandası “Azersun Arena”da Bakının “İnter” kollektivini 2:0 hesabı ilə məğlub edib.

"Report"un məlumatına görə, baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi oyunda hesab 12-ci dəqiqədə açılıb. Ağdamlıların heyətində Reynaldo fərqlənib – 1:0. İlk hissə bu hesabla başa çatıb.

Matçın ikinci hissəsində də üstün oyun nümayiş etdirən “Qarabağ” 50-ci dəqiqədə Muarem Muaremin qolu ilə hesabı 2:0-a çatdırıb. İkinci hissədə yadda qalan digər məqam qonaqların heyətində Fuad Bayramovun 75-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılaraq meydanı tərk etməsi olub. Qalan vaxtda qapılara qol vurulmayıb və matç bu hesabla başa çatıb.

Bu oyundan sonra xallarının sayını 72-yə çatdıran “Qarabağ” çempionluğa doğru daha bir inamlı addım atıb. “İnter” isə 49 xalla üçüncü sırada qərarlaşıb.

Topaz Premyer Liqasının 31-ci turunun digər qarşılaşmaları aprelin 23-də və 24-də oynanılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi