Yuxarı

Oksana Parxomenko: "Nə mən, nə də bacım Azərbaycan millisindən ayrılmışıq"

Hərdən olur ki, oyunçu özünü çox pis hiss edir, qəzəbindən Qurtardı, hər şeyi tullayıram deyir

Bakı. 3 noyabr. REPORT.AZ/ Voleybolçu qadınlardan ibarət "Azəryol" klubunun kapitanı Oksana Parxomenko (Kurt) bacısı Yelena Parxomenko ilə birgə Azərbaycan milli komandasındakı karyerasını başa vurduğuna dair xəbərləri təkzib edib. 30 yaşlı toppaylayıcı "Report"a açıqlamasında bir müddət öncə Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi saytında yer alan məlumatların həqiqəti əks etdirmədiyini söyləyib.

"Açığı, bu, doğru xəbər deyil. Düzdür, mən artıq gənc oyunçu deyiləm, çoxlu zədələrim var. Amma nə qədər ki, klubda oynayıram və lazımam, Azərbaycan yığmasında oynamağı özümə şərəf sayacağam" - deyə O.Parxomenko bildirib.

Təcrübəli voleybolçu nə özü, nə də bacısının Azərbaycan millisindən ayrılmalarına dair heç bir sayta rəsmi açıqlama vermədiyini də əlavə edib: "Hərdən olur ki, oyunçu özünü çox pis hiss edir. Qəzəbindən "Qurtardı, hər şeyi tullayıram" deyir. Ola bilsin, bunu kimsə eşidir və ciddiyə alır. Bəlkə də hardasa demişəm və kimsə düşünüb ki, bu, ciddi məsələdir. Bunlar yorğunluq, zədələr, uduzduğun üçün özünə qarşı qəzəbdən irəli gəlir. Düşünmürəm ki, bacım da belə bir açıqlama versin".

Qeyd edək ki, ötən ay İtaliyada başa çatan dünya çempionatından sonra CEV-in rəsmi saytında Oksana və Yelena Parxomenko bacılarının Azərbaycan millisindəki karyeralarını başa vurduqlarına dair xəbər yerləşdirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi