Azərbaycanın qadın basketbolu üçün yaxşı başlanğıc oldu. Basketbolla maraqlananlar, qarşısına hədəf qoyan uşaqlar üçün bir ümid oldu.
Bunu “Report”a açıqlamasında qadınlar arasında Azərbaycan Basketbol Liqasının qalibi olan “Neftçi” klubunun baş məşqçisi Evren Alkaya deyib.
Türkiyəli mütəxəssis başa çatan mövsümü dəyərləndirib: “Mövsüm üç ay əvvəl başlayıb. Azərbaycan basketbol tarixində ilk dəfə qadınlar arasında yarış keçirildi. Pley-off oyunları təşkil olundu. Yaxşı komanda toplamışdıq. Əksəriyyəti U-17 millisinin oyunçuları idi. Müntəzəm çempionatda birinci yeri tutduq. Pley-offda “Xırdalan”ı məğlub etdik. Finalda isə “Azstars” klubuna qalib gəldik. Təşkilatçılığa, qadın basketboluna dəstəyə görə federasiyaya təşəkkürümü bildirirəm”.
E.Alkaya planlar barədə danışarkən millilərimizn Avropa çempionatlarında uğurlu nəticə qazanacağına inandığını söyləyib: “Yetişdirdiyimiz 60-a yaxın basketbolçu digər klublarda və millilərdə yer alıblar. Onlar üçün də böyük təcrübə oldu. Biz də onları qarşıdan gələn Avropa çempionatında yoxlamaq imkanı əldə etdik. U-16, U-18 komandaları yayda Avropa çempionatına yollanacaqlar. Azərbaycan adına ən yaxşı şəkildə mübarizə aparacağımızı düşünürəm. Təlim-məşq toplanışlarında uğurlu nəticələr əldə etdik. Ümid edirəm ki, U-16 Cəbəllütariqdə, U-18 isə Kosovoda keçiriləcək Avropa çempionatında uğurlu çıxış edəcək”.
Qeyd edək ki, "Neftçi" Azərbaycan Texniki Universitetinin idman zalında keçirilən final matçında "Azstars"ı 93:29 hesabı ilə məğlub edib. Üçüncü yer uğrunda görüşdə isə "Xırdalan" klubu "Qaradağ"ı 51:49 hesabı ilə üstələyərək bürünc medallara sahib çıxıb.