"Neftçi" basketbol klubunun baş məşqçisi: Final seriyasının üçüncü oyunu daha maraqlı olacaq

"Neftçi" basketbol klubunun baş məşqçisi: Final seriyasının üçüncü oyunu daha maraqlı olacaq "Xəzri" - "Sabah" matçının üçüncü dueli əvvəlki ikisindən daha maraqlı olacaq.
Komanda
22 May , 2024 15:35
Neftçi basketbol klubunun baş məşqçisi: Final seriyasının üçüncü oyunu daha maraqlı olacaq

"Xəzri" ilə "Sabah" arasında final seriyasının üçüncü oyunu daha maraqlı olacaq.

Bunu "Report"a açıqlamasında "Neftçi" basketbol komandasının baş məçqçisi Anar Sarıyev deyib.

Mütəxəssis Azərbaycan Basketbol Liqasının final seriyasında üz-üzə gələn "Xəzri" və "Sabah" komandalarının qarşılaşmaları barədə danışıb: "Seriyanın üçüncü dueli əvvəlki iki matçdan daha maraqlı olacaq. İlk görüşdə Əlikamran Məmmədov və Endər Poladxanlı kimi oyunçuların olmaması görüşə təsir etdi. "Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis tez-tez dəyişikliklər etməyi sevən məşqçidir. Birinci matçda rəqib komandanın əsas basketbolçularının yoxluğundan maksimum istifadə edən "Xəzri" böyük hesabla qalib gəlmişdi. İkinci qarşılaşmada ssenari dəyişdi və bu dəfə "Sabah" üstünlüyü ələ aldı. Üçüncü qarşılaşmadan çox fərqli nəticə gözləyirəm. Bu dueldə oyunçulardan çox məşqçilərin üzərinə yük düşəcək. Ağıllı və düzgün taktiki gediş edən tərəf qələbə qazanacaq. Hətta mən buna "şahmatvari oyun" deyərdim. Hansısa komadanın böyük hesabla qələbə qazanacağını gözləmirəm. Yəqin ki, başabaş mübarizə gedəcək və son anlarda daha yaxşı oyun sərgiləyən kollektiv 4-5 xal fərqi ilə qalib gələr".

A.Sarıyev seriyanın bu gün keçiriləcək üçüncü görüşündə "Sabah"ı daha şanslı hesab etdiyini söyləyib: "Sabah"ın şansları yüksəkdir. Legioner oyunçuları və məşqçi heyətinin daha çox təcrübəli olması bunu deməyə imkan verir. Ən azı Rimas Kurtinaytisin Avroliqa təcrübəsini xatırlatmaq kifayət edər. Bununla belə, "Xəzri"ni də zəif hesab etmirəm. Turnirin finalına qədər irəliləyiblərsə, deməli, doğru yoldadırlar".

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında final seriyasının ilk duelində "Xəzri" (95:70), ikinci görüşdə isə "Sabah" (94:63) üstün olub. Seriyada üç qələbə qazanan kollektiv qızıl medallara sahib çıxacaq.

Son xəbərlər

Orphus sistemi