Yuxarı

Milli komandanın müdafiəçisi: "Ani səhvlərdən qapımızda qol gördük"

Avropa çempionatında zəif rəqib olmur

Bakı. 6 fevral. REPORT.AZ/ "Gərgin oyun oldu. Qrupdan çıxmaq üçün sonuncu şansımız idi. Qələbə qazanmalı idik və öhdəsindən gələ bildik". Bunu "Report"a açıqlamasında Azərbaycan milli komandasının futzalçısı Rizvan Fərzəliyev deyib.

Serbiyanın Belqrad şəhərində keçirilən futzal üzrə Avropa çempionatının qrup mərhələsinin ikinci oyununda Çexiya yığmasını məğlub edən milli komandanın müdafiəçisi oyun haqda bunları bildirib: "İlk dəqiqələrdən üstünlük bizim tərəfdə idi. Rəqib qapısından 2 top keçirmişdik. Sadəcə olaraq ani səhvlərdən qapımızda qol gördük. Ancaq ümumi taktiki baxımdan çexlər elə də üstün deyildi. Şadam ki, sonda qələbəni əldə etdik. Bizə dəstək olan azarkeşlərə, bizi televiziya vasitəsilə izləyən tamaşaçılara minnətdarlığımızı bildiririk".

R.Fərzəliyev Çexiya yığmasının cavan futzalçılardan təşkil olunduğunu söyləyib: "Qaçmağa üstünlük verirlər. Ancaq deməzdim ki, taktiki baxımdan hazırlıqlı komandadır. Biz ustalıq baxımından rəqibdən üstün idik. Ümid edirəm ki, İtaliya Çexiyanı məğlub edər və biz qrupdan çıxarıq. Oyundu, hər şey ola bilər. Ancaq biz üstünlüyü İtaliyaya veririk. Qrupdan çıxıb rəqibimizi gözləyəcəyik. Avropa çempionatında zəif rəqib olmur. Oyunlara qələbə əzmi ilə çıxırıq".

Müdafiəçi bildirib ki, komanda hücumçu Amadeu Fernandes da Silvanın yoxluğunu hiss etdirməyib: "Amadeunun yeri görünürdü. Lakin rəqib o qədər də güclü deyildi. Bu səbəbdən o olmadan da qələbə qazandıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi