Yuxarı

Mahir Məmmədov Ermənistan yığmasının Bakıdakı olimpiadaya qatılmayacağına dair məlumatlara münasibət bildirib

FİDE prezidenti bu gün mənimlə və Azad Rəhimovla əlaqə saxlayıb

Bakı. 25 iyul. REPORT.AZ/ "Dəfələrlə deyib, yazıb, qeyd etmişik ki, Ermənistan yığmasının Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirakları ilə bağlı heç bir problem yoxdur. Amma yenə mətbuatdan oxuyuruq ki, gəlmək istəmirlər". 

Bunu "Report"a açıqlamasında Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov deyib.

O bildirib ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov bu gün mövcud problemlə bağlı onunla, eləcə də gənclər və idman naziri Azad Rəhimovla əlaqə saxlayıb: "İlümjinov bizə dedi ki, Ermənistan tərəfi ilə söhbət edib. Guya Ermənistan Şahmat Federasiyasının da prezidenti olan Serj Sərkisyan komandanın Bakıya gəlməsinə etiraz etməyib, aparıcı şahmatçı Levon Aronyan da razı olub, amma digər şahmatçılar buna qarşı çıxıblar".

Əməliyyat Komitəsi rəhbərinin sözlərinə görə, K.İlümjinov Azərbaycan tərəfi ilə söhbətdə İsrailin olimpiadaya əsas heyətlə qatılma məsələsində irəliləyişin olduğunu da bildirib: "Hazırda 176 ölkədən 179 komanda Bakıya gələcəyini təsdiqləyib. Bu, rekord göstəricidir. Ermənistan da gəlsə, ölkələrin sayı 180 olacaq. FİDE-nin isə 189 üzvü var. Biz ali şahmat qurumuna köçürdüyümüz pul vasitəsilə imkanları olmayan ölkələrin olimpiadada təmsil olunmalarına şərait yaradırıq. Ermənistanın da olimpiadada təmsil olunması üçün kifayət qədər cəhd etmiş, müvafiq addımlar atmışıq. Lazım gəlsə, yenə səylərimizi əsirgəməyəcəyik. Gəlmək istəməsələr belə, olimpiadanı rekord sayda iştirakçı ilə yüksək səviyyədə keçirəcəyik".

Qeyd edək ki, Ermənistan Şahmat Federasiyasının vitse-prezidenti Smbat Lputyan bu il sentyabrın 1-14-də Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasına qatılmayacaqlarını bildirib. O, belə qərarı şahmatçılarla söhbətdən sonra qəbul etdiklərini vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi