Bu, mənim üçün Avropa Kubokunda ilk qələbədir.
"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycanın kişi həndbolçulardan ibarət "Kür" komandasının kapitanı Ramazan Muradov Avropa Kubokunda Kipr təmsilçisi “Parnassos Strovolu” ilə oyundan sonra jurnalistlərə açıqlamasında bildirib.
O, sabahkı matçda daha yaxşı oynamağa çalışacaqlarını deyib:
"Neçə illərdir avrokuboklarda oynayırdım, amma qələbə qazana bilmirdim. Sabahkı oyuna hazırlaşırıq. Daha çox top fərqi ilə qalib gəlməyə hazırıq".
İkinci Qarabağ müharibəsi iştirakçısı olan R.Muradov cavab oyunundakı şanslar haqqında danışıb:
"Birinci hissə istədiyimiz kimi alınmadı. İkinci hissədə daha yaxşı oynadıq. Sabahkı oyunun ilk dəqiqələrindən daha yaxşı çıxış etməyə çalışacağıq.
Bu dəfə bizdə alındı və ilk oyunda qələbə qazandıq. Çalışacağıq ki, növbəti oyunu da bu şəkildə keçirək. İkinci hissədəki oyunu sabah da nümayiş etdirəcəyimizə inanıram. Artıq rəqibin güclü və zəif tərəflərini müəyyən qədər gördük. Düşünürəm ki, sabah da qələbə qazana bilərik".
Qeyd edək ki, Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutan ilk qarşılaşma Azərbaycan təmsilçisinin 35:31 hesablı qələbəsi ilə bitib.