Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, rəqib Türkiyə yığması olub. Görüş yerli komandanın qələbəsi ilə yekunlaşıb.
Oyuna Azərbaycan millisi fəal başlayaraq, qarşılaşmanın əvvəllərində hətta 3 top fərqi ilə önə çıxsa da, tədricən üstünlüyünü əldən verib. Nəticədə "ay-ulduzlular" hesabda önə çıxmağı bacarıblar. Beləliklə, birinci hissə meydan sahiblərinin üstünlüyü ilə tamamlanıb - 14:10.
Fasilədən sonra da fəal təsir bağışlayan Türkiyə millisi fərqi daha da artırmağa başlayıb. Yalnız sonlara doğru qonaq komanda fərqi azaltmağa müvəffəq olub. Bununla belə, "ay-ulduzlular" 30:24 hesabı ilə qalib gələrək, İslamiadanın qalibi olub.
Beləliklə, Azərbaycan millisi 2017-ci ildə Bakıda keçirilmiş İslamiadanın qalibi titulunu qoruya bilməyib və gümüş medalla kifayətlənməli olub. Həmin vaxt finalda 26:28 hesabı ilə yenilmiş Türkiyə yığması bu dəfə məğlubiyyətin əvəzini çıxmağı bacarıb.
Kamerun millisi isə Bakı-2017-də olduğu kimi, yenə 3-cü yer uğrunda görüşdə Özbəkistana qalib gələrək, bürünc medala yiyələnib. 5 il öncəkindən fərqli olaraq, bu dəfə 35:27 yox, 40:27 hesabı qeydə alınıb.