İdman jurnalistləri və "Azəryol" klubunun iştirakı ilə voleybol tədbiri keçirilib - FOTO

İdman jurnalistləri və "Azəryol" klubunun iştirakı ilə voleybol tədbiri keçirilib - FOTO Tədbirin informasiya dəstəkçisi "Report" agentliyi olub.
Komanda
3 Mart , 2016 23:29
İdman jurnalistləri və Azəryol klubunun iştirakı ilə voleybol tədbiri keçirilib - FOTO

Bakı. 3 mart. REPORT.AZ/ İdman Araşdırmalar Mərkəzi bu gün 2016-cı ildə ilk dəfə "Azəryol" voleybol klubu ilə birgə layihəsini gerçəkləşdirib. Televiziya, sayt və qəzetlərdə çalışan 20-dən çox idman jurnalistinin Azərbaycan Voleybol Federasiyasının idman zalında klubun əməkdaşları ilə görüşü keçirilib.

Tədbir 5 mart - Bədən Tərbiyəsi və İdman günü, eləcə də 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə təşkil olunub. Bundan başqa CEV (Avropa Voleybol Konfederasiyası) Kubokunda Rusiyanın "Dinamo" (Krasnodar) komandası ilə yarımfinal görüşləri öncəsi "Azəryol"a media nümayəndələri tərəfindən mənəvi dəstəyin verilməsi də əsas məqsədlərdən olub.

Görüşə "Azəryol" rəhbərliyi ilə yanaşı, baş məşqçi Ziya Rəcəbov, voleybolçu Anna Stepanyuk başda olmaqla, komanda üzvləri qatılıb.

Tədbir fevralın 26-da dünyasını dəyişmiş əməkdar bədən tərbiyəsi və idman xadimi, uzun müddət Tofiq Bəhramov adına Respublika stadionunun direktoru vəzifəsində çalışmış Akif İsmayılovun xatirəsinin 1 dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Rəsmi hissədə çıxış edən İAM-ın sədri Elşən Məmmədov artıq ikinci dəfə voleybol tədbiri təşkil etdiklərini xatırladıb. O, ötən ilin mayında "Bakı 2015" I Avropa Oyunlarına dəstək məqsədilə jurnalistlər arasında analoji görüşün yüksək səviyyədə keçirildiyini xatırladıb. E.Məmmədov bu görüşün yeni heyətlə böyük irəliləyişə nail olan "Azəryol"la medianın daha sıx əməkdaşlığının qurulmasına, klubun nailiyyətlərinin daha çox təbliğ olunacağına inandığını bildirib. Təşkilat rəhbəri jurnalistlər adından kluba CEV Kubokundakı növbəti görüşlərində və Azərbaycan Super Liqasında uğurlar arzulayıb.

Ardından 4 komandanın iştirakı ilə voleybol qarşılaşmaları keçirilib. Püşkə əsasən, ilk yarımfinalda televiziya ilə sayt əməkdaşları, digərində isə "Azəryol"un rəhbərliyi ilə qəzet və ictimai-siyasi saytların yazarlarından ibarət komanda üz-üzə gəlib. Bu görüşlərdən TV və klub eyni hesablı qələbə ilə ayrılıb - 2:0.

Daha sonra televiziya əməkdaşları məğlub komandaların ən yaxşı voleybolçularından təşkil olunmuş kollektivlə qarşılaşıb. Media nümayəndələrindən aşkar üstün təsir bağışlayan "Azəryol"un əməkdaşları isə iki komanda arasında bərabər bölünüb. Bu dəfə də TV üstün olub.

Oyunların ardından mükafatlandırma mərasimi təşkil olunub. Əvvəlcə Beynəlxalq Qadınlar günü münasibətilə "Azəryol"un voleybolçusu Anna Stepanyuk və mətbuat katibi Şəfəq Kərimova sponsor "Kolizey İnşaat"ın hədiyyəsini qəbul ediblər. Ardından yarışın ən yaxşı oyunçusu seçilən "İdman Azərbaycan"ın əməkdaşı Ramiz Mirzəzadə də hədiyyəyə sahib olub. Media ilə sıx və səmərəli əməkdaşlığa görə "Azəryol"a təşəkkürnamə təqdim edildikdən sonra növbə qalibin mükafatlandırılmasına çatıb. "Azəryol"un təsis etdiyi kubok televiziya əməkdaşlarından ibarət komandanın kapitanı İlkin Fikrətoğluna təqdim olunub.

Qeyd edək ki, tədbirin informasiya dəstəkçisi "Report" agentliyi olub.

Son xəbərlər

Orphus sistemi