Yuxarı

ADEİNFA-nın təşkilatçılığı və FAİREX-in dəstəyi ilə ​“Heydər zirvəsi”nə yürüş olub

Dörd gün davam edən yürüşə 150-dən çox iştirakçı qatılıb

Bakı. 13 dekabr. REPORT.AZ/ Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA) təşkilatçılığı və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) dəstəyi ilə Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə təşkil edilmiş növbəti kütləvi yürüş uğurla başa çatıb. "Report" xəbər verir ki, bu barədə FAİREX-in yaydığı məlumatda bildirilir.

Dekabrın 9-dan 12-dək dörd gün müddətində həyata keçirilən və 150-dən çox iştirakçının qatıldığı yürüş ilk əvvəl “Heydər zirvəsi”nin yerləşdiyi Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində qurulmuş düşərgəyə, növbəti gün isə oradan Zirvəyə hərəkətlə davam etdirilib.

Qeyd edək ki, yürüşün mütəşəkkil təşkili məqsədilə yaradılmış yürüş qərargahı tərəfindən öncədən yürüş marşrutu müəyyənləşdirilib, marşrut üzərində tam təchizatlandırılmış çadır düşərgə qurulub, çətin relyef və iqlim şəraitinə malik olan dağlarda insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün zəruri tədbirlər təşkil edilib. Yürüş iştirakçıları Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivinin ən yüksək nöqtəsində qoyulmuş Ulu Öndər Heydər Əliyevin barelyefi önünə qızılgül dəstələri düzərək Azərbaycanın qurucusu, dünya şöhrətli şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad ediblər.

Xatırladaq ki, “Heydər zirvəsi”nə edilən yürüşlərin yüksək məramı, həmçinin daha da kütləviləşməsi, yürüşə qatılmaq istəyənlərin sayının ötən illərlə müqayisədə daha da çoxluğu nəzərə alınaraq, kütləvi yürüşün iştirakçıları ənənəvi olaraq milli parkların yüksək dağlıq ərazilərinə daxil olmaq üçün müəyyən edilmiş birdəfəlik giriş haqqından azad ediliblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi