Gənclər və idman naziri mükafatlandırılıb

Gənclər və idman naziri mükafatlandırılıb İAM-ın sədri Elşən Məmmədov İlin idman xadimi seçilən Azad Rəhimova xüsusi mükafatı təqdim edib
Komanda
24 Dekabr , 2014 19:43
Gənclər və idman naziri mükafatlandırılıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Bu gün “Buta Palace”də 2014-cü ilin idman yekunlarına həsr olunmuş tədbir keçirilib. “Report”un məlumatına görə, idman ictimaiyyəti nümayəndələrinin qatıldığı təntənəli mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Ardından il ərzində idman sahəsində əldə olunmuş nailiyyətlərdən bəhs edən film nümayiş etdirilib. Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, başa çatmaqda olan ilin Azərbaycan idmanı üçün əlamətdar hadisələrlə yadda qalıb. O, il ərzində beynəlxalq yarışlarda 805 medalın qazanıldığını və bunlardan 275-inin qızıl medal olduğunu xüsusi vurğulayıb. A.Rəhimov bu göstəricinin hər gün dövlət himni və bayrağının dünyada dalğalanmasının göstəricisi kimi dəyərləndirib.

Nazir gələn il Bakıda I Avropa Oyunlarının keçiriləcəyini bildirərək, bu yarışın paytaxtın simasını dəyişdirəcəyini vurğulayıb. Bununla yanaşı, A.Rəhimov gənc nəslin yetişdiyini diqqətə çatdırıb: “Çinin Nanjinq şəhərində keçirilmiş Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında qazanılan nəticələr - 204 ölkə arasında 10-cu yer bunun sübutudur. İdmançılarımız tərləri, canları və hətta qanları hesabına döyüşlərə hər zaman hazır olduqlarını nümayiş etdirirlər”.

Ardından İdman Araşdırmalar Mərkəzinin (İAM) 41 KİV-in idman jurnalistləri arasında keçirdiyi sorğu nəticəsində İlin idman xadimi seçilən Azad Rəhimova xüsusi mükafat verilib. Mükafatı nazirə İAM-ın sədri Elşən Məmmədov təqdim edib. A.Rəhimov isə böyük mükafatla təltif olunduğunu bildirib: “Bu, doğrudan da böyük mükafatdır. Amma mən öz işimi görürəm”.

Daha sonra nazir öz müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayevlə birgə müxtəlif nominasiyalar üzrə qalibləri mükafatlandırıb. “Qarabağ” ilin komandası, voleybolçu qadınlardan ibarət Azərbaycan millisi ilin yığma komandası kimi təltif olunub. Eyni zamanda 10 ən güclü mükafatçıya və idman ictimaiyyətinin digər nümayəndələrinə mükafatlar təqdim olunub.

Millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev Azərbaycanın idman ölkəsinə çevrildiyini və digər ölkələrlə idman dilində danışmağa başladığını vurğulayıb. O, ölkədə idman və qeyri-olimpiya növləri arasında fərq qoyulmamasından razılıq ifadə edib.

Tədbir bədii hissə ilə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi