Faiq Qarayev: "Həmin dövrü xatırlamaq insana çox xoş hisslər bəxş edir"

Faiq Qarayev: "Həmin dövrü xatırlamaq insana çox xoş hisslər bəxş edir" Hazırda Azərbaycan Voleybol Federasiyasının (AVF) I vitse-prezidenti vəzifəsində çalışan "Azərreyl"in sabiq baş məşqçisi Faiq Qarayev klubun Top-Komandalar Kubokunu qazanmasının 20 illik yubileyi ilə bağlı təəssüratlarını bölüşüb.
Komanda
11 Mart , 2022 17:49
Faiq Qarayev: Həmin dövrü xatırlamaq insana çox xoş hisslər bəxş edir
Faiq Qarayev

Hazırda Azərbaycan Voleybol Federasiyasının (AVF) I vitse-prezidenti vəzifəsində çalışan "Azərreyl"in sabiq baş məşqçisi Faiq Qarayev klubun Top-Komandalar Kubokunu qazanmasının 20 illik yubileyi ilə bağlı təəssüratlarını bölüşüb.

63 yaşlı mütəxəssis "Report"a açıqlamasında 2002-ci il martın 10-da böyük tarixi uğura imza atdıqlarını bildirib. Onun sözlərinə görə, həmin dövrü yada salmaq insana çox xoş hisslər bəxş edir.

F.Qarayev əldə olunan nailiyyətədək çətin dövr keçdiklərini xatırladıb: "2000-ci ildə Türkiyədən qayıtdığım vaxt Azərbaycanda idman yaxşı vəziyyətdə deyildi. Hazırkı dövlət başçısı İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra bütün mütəxəssisləri və idmançıları çağırırdı ki, Azərbaycana qayıtsınlar. Çünki o vaxtlar vəziyyət yaxşı deyildi, hamımız gedib xaricdə işləyirdik. Mən də onlardan biri idim".

Tanınmış mütəxəssisin fikrincə, həmin vaxt dövlət səviyyəsində diqqət və qayğı olmasaydı, qısa müddətdə uğur qazana bilməzdilər: "Mən Azərbaycana dönəndə AVF-nin idman zalı pis vəziyyətdə idi. Burada məşq keçmək olmurdu. Adicə su, elementar şərait yox idi. Tezliklə Gənclik Olimpiya Kompleksində məşqlərə başladıq. Xatırlayıram ki, ikinci məşqimizə Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev gəldi. Bizimlə görüşdü, məşqlərin necə keçdiyini və qızların durumunu soruşdu. Çıxışımda qeyd etdim ki, burada yemək yerimiz yoxdur. Xatırlayırsınızsa, orada sağda və solda zal var. Sağda basketbol komandası, solda isə biz məşq edirdik. Basketbol komandasının ovaxtkı baş məşqçisi Rimas Kurtinaytislə yaxşı dostluğumuz var. İkimiz də yemək yerinin olmadığını dedik. Bir həftənin içində bizim üçün mətbəx düzəldi. Rəhbərlik buna o qədər tez reaksiya verdi ki... Qızların məşq və dincəlmək şəraiti yaxşılaşdırıldı. Bu, tək məndən asılı deyildi, rəhbərlik də çox böyük kömək etdi".

AVF rəsmisi qadın voleybolçuları da məhz rəhbərlik səviyyəsində zəmanət nəticəsində Azərbaycana qaytardıqlarını xatırladıb: "Bilirsiniz ki, voleybolçularımız həmin vaxt Türkiyə klublarında oynayırdılar. Onların, demək olar ki, hamısını ölkəyə gətirdim. Alla Həsənova, Alla Teterina və Yelena Şabovtanı qeyd edərdim. Yelena Parxomenko və Valeriya Korotenko burada idilər. Onları və Oksana Məmmədyarovanı lazımi səviyyəyə çatdırdıq. Veteran voleybolçularımızın hamısı məhz İlham Əliyevin zəmanəti nəticəsində qayıtdılar. Prezident bizimlə görüşdə dedi ki, onları mən dəvət edirəm. Nə lazımdırsa, hər cür şərait yaradılacaq. Həmin vaxt hansısa qızın müqaviləsi var idisə, niyə Azərbaycana qayıtmalı idi? Çünki İlham Əliyevin zəmanəti var idi. Qızların da ona böyük sevgisi və hörməti var idi. Hamısı qayıtdı. Qızların maaşı yaxşılaşdırıldı".

F.Qarayevin sözlərinə görə, sıfırdan başlanan prosesin məntiqi nəticəsi avrokubokun qazanılması olub: "Qızların qayıdışından sonra “Azərreyl” klubu yarandı. Həmin vaxt bu, yeganə komanda idi, ölkə çempionatı da keçirilmirdi. Bir sistem düzəltmişdim. Xaricdəki turnirlərə qatılırdıq. Elə oldu ki, avrokubokda çıxış etməyə başladıq. 1/4 finala çıxanda İlham Əliyevlə görüşdük və bizə göstəriş verdi ki, "Dördlər finalı" Azərbaycanda keçirilməlidir. Məndən Avropa Voleybol Konfederasiyasının Lüksemburqdakı iclasına qatılmağımı istədi. Milli Olimpiya Komitəsindən də təminat məktubu verildi ki, yarış Avropa standartlarına uyğun yüksək səviyyədə keçiriləcək. Həlledici mərhələyə bir neçə ölkə namizəd idi. Amma təşkilatçılığı bizə həvalə etdilər. Komissiya gəldi və təsdiqlədilər ki, finalı keçirməyə hazırıq. Çünki hotellər yüksək səviyyədə idi. Əl Oyunları Sarayının zalında oynayırdıq və ora da təmir edilmişdi".

Tanınmış mütəxəssis oyunlara azarkeş marağının da yüksək səviyyədə olduğunu vurğulayıb: "Oyunlar geniş auditoriya altında keçirilirdi. Görüşlərdən 10-15 gün əvvəl insanlar bilet axtarırdılar".

Federasiya rəsmisi Serbiyanın "Yedinstvo" komandasına qalib gəldikləri final görüşünü Prezident İlham Əliyevin də ailəsi ilə birgə izlədiyini və qarşılaşmanın ardından komandanı təbrik etdiyini söyləyib. F.Qarayev Azərbaycanın ovaxtkı Prezidenti Heydər Əliyevin də "Azərreyl"i qəbul etdiyini xatırladıb: "Çox gözəl bayram keçdi. Ən əsası, oyunlar bitəndən ulu öndər Heydər Əliyevin bizə göstərdiyi hörmət, sevgisi idi. O, bizi qəbul etdi. Həmin görüşdən məndə, məşqçilərdə və bütün idmançılarda çox böyük təəssüratlar qalıb. Ulu öndər voleybolçularla zarafatlar etdi. Qızlar oyundan sonra çox yorğun və gərgin idilər. Həmin görüşün ardından yorğunluq hamıdan çıxdı. Komanda ilə birlikdə ulu öndərə top bağışladıq. Topu bir neçə dəfə atdı, tutdu. Gözlənilmədən zərbə endirdi və dedi ki, əvəvl voleybol oynamışam, mənim zərbələrimi götürə bilmirsiniz. Bunların hamısı tarixdə və bizim ürəyimizdə qalıb".

Vitse-prezidentin fikrincə, Azərbaycan voleybolunun gələcək uğurlarının təməli məhz "Azərreyl"in Top-Komandalar Kubokunu qazanması ilə qoyulub: "Bu tituldan sonra Azərbaycan voleybolu növbəti uğurlarını əldə etdi. Bir neçə klub yarandı, qalibiyyətlərin ardı gəldi. Azərbaycan təmsilçiləri ardıcıl iki dəfə Avropa kubokunda üz-üzə gəldilər. “Azərreyl” və "Lokomotiv" iki dəfə bir-birlərinə qarşı final oynadılar. "Rabitə" klublar arasında dünya çempionu oldu. Yığma komanda isə 4 dəfə dünya çempionatında çıxış etdi".

Son xəbərlər

Orphus sistemi