Dünya ikincisi olan yunan-Roma güləşçilərimiz Vətənə qayıdıb - VİDEO

Dünya ikincisi olan yunan-Roma güləşçilərimiz Vətənə qayıdıb - VİDEO Mərasimdə güləş həvəskarları, federasiya və media nümayəndələri iştirak edib
Komanda
19 Mart , 2017 23:20
Dünya ikincisi olan yunan-Roma güləşçilərimiz Vətənə qayıdıb - VİDEO

Bakı. 19 mart. REPORT.AZ/ Bu gün Dövlət Bayrağı Meydanında İranın Abadan şəhərində keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokunda ikinci yeri tutan yığma komandamızın qarşılanma mərasimi keçirilib.

"Report" xəbər verir ki, mərasimdə güləş həvəskarları, federasiya və media nümayəndələri iştirak edib.

Qələbə sevincini bölüşdükdən sonra komandanın məşqçi və idmançıları media nümayəndələrinin suallarını cavablandırıb.

Yığma komandanın baş məşqçisi Akif Əliyev:

"Məqsəd bu yarışda iştirak etmək, finalda qalib gəlmək idi. İdmançılarımız da çox ciddi yanaşırdılar. Yüksək səviyyədə hazırlıq keçmişdik. Çempion olmağa iddialıydıq. 2014-cü ildə komandamız üçüncü, 2015-ci ildə isə çempion olmuşdu. İstəyirdik ki, iki il əvvəlki nəticəni təkrarlayaq. Finala çıxdıq. Ancaq Rusiya ilə görüşdə hakimlərin haqsızlığı ilə üzləşdik və ikinci olduq".

Rəsul Çunayev: "Hədəfimiz Dünya Kubokunu ikinci dəfə qazanmaq idi. Təəssüflər olsun ki, hakimlərin haqsızlığı ucbatından ikinci yerə layiq görüldük. Çox sevinirəm ki, biz dünyanın liderləri sırasındayıq. Dünya Kuboku yarışlarında bizi izləyən və dəstəkləyən hər kəsə öz komandamız adından təşəkkür edirik. Qarşıda bizi Avropa çempionatı və IV İslam Həmrəyliyi Oyunları gözləyir. Komanda olaraq çalışacağıq ki, bu yarışlarda da qazanacağımız qələbələrlə bütün Azərbaycan xalqını sevindirək."

İslam Abbasov: "Dünyanın ən güclülərinin mübarizəsi idi. Əvvəlcə Türkiyə kimi güclü komandanı məğlub etdik. Ardından Ukrayna və Belarusdan güclü olduq. Finalda da, baxmayaraq ki, rəqib Rusiya idi və ən güclü güləşçilərlə çıxış edirdilər, qələbəyə iddialı idik. Mənim görüşüm də daxil, iki görüşdə bizə qarşı aşkar haqsızlıq oldu. Yoxsa indi ikinci yox, çempion idik. Finalda Rio Olimpiadasının qalibi ilə qarşılaşdım, ona məğlub oldum. Halbuki onu məğlub edə bilərdim. Üzərimdə çalışıb növbəti görüşdə onu məğlub edəcəyəm".

Rafiq Hüseynov: "Dünya Kuboku ən güclülərin yarışıdır. Sevindirici haldır ki, biz Vətənə medalla qayıtmışıq. İkincilik kubokunu gətirmişik. Bizim bu nailiyyəti qazanmağımızda əməyi, zəhməti olan hər kəsə öz təşəkkürümüzü bildiririk".

Məlumat üçün bildirək ki, 2015-ci ildə keçirilən analoji yarışda yunan-Roma güləşçilərimiz Dünya Kubokunun sahibi olub.

Son xəbərlər

Orphus sistemi