Yuxarı

​Daha iki Azərbaycan idmançısı Olimpiya Oyunlarına lisenziya qazanıb

Avarçəkənlər bu uğura Fransanda keçirilən Dünya çempionatında imza atıblar

Bakı. 6 sentyabr. REPORT.AZ/ Azərbaycan akademik avarçəkənləri Aleksandr Aleksandrov və Boris Yotovdan ibarət duet 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Azərbaycan Milli Avarçəkmə Federasiyasından "Report"a verilən məlumata görə, təmsilçilərimiz bu uğura Fransanın Eqebelet şəhərində keçirilən Dünya çempionatında imza atıblar.

Bu gün 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə B finalında çıxış edən cütlük finişə 8 dəqiqə 24,260 saniyəyə çataraq, qalib adını qazanıb. Nəticədə onlar ümumi sıralamada 7-ci yeri tutublar. Qaydalara əsasən, bu qayıq tipində ilk "11-liy"ə düşənlər Rio-2016-da iştirak hüququna yiyələniblər.

Beləliklə, ölkəmiz akademik avarçəkmə növündə ardıcıl ikinci dəfə olimpiadada təmsil olunacaq. 2012-ci il London Yay Olimpiya Oyunlarında Aleksandr Aleksandrov 1 nəfərlik qayıqla kişilər, Nataliya Mustafayeva isə qadınlar arasında 2000 metr məsafəyə yürüşdə mübarizə aparmışdı. Həmin ərəfədə keçirilmiş olimpiya təsnifat reqatasında isə Aleksandr Aleksandrov - Boris Yotov dueti olimpiya təsnifat reqatasının A finalında 3-cü yeri tutaraq, lisenziyasız qalmışdı.

Ümumilikdə, Azərbaycan Milli Avarçəkmə Federasiyası 2015-ci ili 4 olimpiya lisenziyası ilə başa vurub. Üstəlik, lisenziyalar London olimpiadası ilə müqayisədə, yalnız akademik avarçəkmə və kanoedə deyil, həm də kayak növündə əldə olunub. Qadın kayakçımız İnna Osipenko-Rodomska 1 nəfərlik qayıqla 200 metr və 500 metr, kanoeçimiz Valentin Demyanenko isə 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Qeyd edək ki, növbəti lisenziya şansları gələn ilin mayında keçiriləcək təsnifat reqatalarında veriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi