Bakı. 20 sentyabr. REPORT.AZ/ “Mötəbər idman yarışlarının keçirilməsi baxımından Azərbaycan yüksək nüfuza malikdir. Bunun nəticəsidir ki, hər kəsin gözləntisi yüksəkdir. Biz bir komanda kimi sıx əməkdaşlıq etsək, turniri yüksək səviyyədə keçirəcəyik”.
“Report” xəbər verir ki, bunu Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Özkan Mutlugil qurumun rəsmi saytına açıqlamasında deyib.
Türkiyəli fuksioner 22 sentyabr – 1 oktyabrda Azərbaycan və Gürcüstanda keçiriləcək voleybolçu qadınlar arasında Avropa çempionatının yüksək səviyyədə təşkil olunacağını söyləyib: “Cümə günü Bakıda anşlaq gözləyirik. Bizim məqsədimiz voleybolu yalnız Azərbaycan və Gürcüstanda deyil, bütün Avropada populyarlaşdırmaqdır. Əminik ki, bizim komandada işimiz sizin üçün əla tədbir keçirməyimizlə nəticələnəcək”.
Qeyd edək ki, turnirin açılış mərasimi, eləcə də A və C qruplarının oyunları 4700 yerlik Milli Gimnastika Arenasında keçiriləcək. Təşkilatçılar artıq sentyabarın 22-də olacaq açılış mərasimi üçün 4450 biletin satıldığını təsdiqləyiblər. Avropa çempionatı 31 telekanal vasitəsilə dünyanın 119 ölkəsində yayımlanacaq.
Xatırladaq ki, Azərbaycan yığması Almaniya, Polşa və Macarıstan yığmaları ilə birgə A qrupunda yer alıb. Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv ilk oyununu sentyabrın 22-də Macarıstana qarşı keçirəcək.