Bakı. 29 mart. REPORT.AZ/ Bolqarıstan milli komandasının voleybolçusu Mariya Filipova Bakının "Telekom" klubundan ayrıla bilər. "Report"un məlumatına görə, bu barədə 35 yaşlı idmançının özü Bolqarıstan mətbuatına açıqlama verib.
M.Filipova ayrılığa səbəb kimi "Telekom" klubunun taleyinin sual altında olduğunu göstərib. Paytaxt təmsilçisinin heyətində 2016/2017 mövsümünün qalibi olan legioner voleybolçu karyerası ilə bağlı yaxın vaxtlarda qərar verəcəyini söyləyib: "Qızıl medal qazanmaq hər zaman gözəl hisslər bəxş edir. Son 7 ildə Azərbaycan çempionatının iştirakçısı olmuşam və bu, ilk titulumdur. Bu mövsüm qalib gəlməyi bacardıq. Lakin karyeramı Azərbaycanda davam etdirib-etdirməyəcəyimi deyə bilmərəm. Buradakı vəziyyət başadüşülən deyil. Növbəti mövsümdə ölkə çempionatının və klubun mövcud olacağını bilmirik".
Qeyd edək ki, 2015-ci ildə Bolqarıstanın “Levski” klubundan “Telekom”a transfer olunan Mariya Filipova 2010 - 2014-cü illərdə Bakının “Lokomotiv” komandasında da çıxış edib.