Yuxarı

Beynəlxalq Olimpiya Komitəsi Azərbaycandan göndərilən təklif əsasında qərar qəbul edib

Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirakçı idmançıların sayı artırılıb

Bakı. 26 avqust. REPORT.AZ/ 2018-ci ildə Argentinanın paytaxtı Buenos Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirakçı idmançıların sayı artırılıb. "Report"un məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsi (İOC) ayrı-ayrı idman növləri üzrə beynəlxalq federasiyalardan gələn təkliflər əsasında qərar qəbul edib.

Azərbaycan Güləş Federasiyasının (AGF) I vitse-prezidenti, Dünya Güləş Birliyi (UWW) İdarə Heyətinin üzvü Namiq Əliyev bir müddət öncə qurumun iclasında yeniyetmələrin Yay Olimpiya Oyunlarında güləş idmanı üzrə iştirakçıların sayının artırılması barədə təkliflə çıxış edib. Bu təklif İdarə Heyəti üzvləri və UWW prezidenti Nenad Laloviç tərəfindən də müsbət qarşılanıb və BOK rəhbərliyi qarşısında bu məsələni qaldırmaq barədə razılıq əldə edilib.

Beləliklə, bir neçə gün öncə keçirilmiş İOC İdarə Heyətinin növbəti iclasında bu məsələ müzakirə edilib və öz məntiqi həllini tapıb. Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında güləş yarışlarında çəki dərəcələri hər bir növdə 6 çəki olmaqla, 18-ə çatdırılıb. Buna qədər bu say 14 idi. 5 çəkidə sərbəst, 5 çəkidə yunan-Roma, 4 çəki dərəcəsində isə qadın güləşi üzrə yarışlar keçirilirdi.

Bu qərarın qəbulundan sonra UWW prezidenti Nenad Laloviç AGF-yə məktub ünvanlayaraq, N.Əliyevi təbrik edib, dünyada güləşin davamlı inkişafı üçün verdiyi təklifə və birgə əməkdaşlığa görə təşəkkürünü bildirib.

Öz növbəsində AGF rəsmisi qərara münasibət bildirib. O, artıq bir neçə ildir bu məsələnin müzakirə edildiyini deyib: "Biz neçə il idi ki, bu təklifi vermişdik və müzakirələr gedirdi. İOC tərəfindən təklifimiz müsbət dəyərləndirildi və yeniyetmələrin Yay Olimpiya Oyunlarında çəki dərəcələri artırıldı. Bu, Azərbaycan üçün çox yaxşıdır. Bundan sonra daha çox medal qazanmaq imkanımız olacaq".

Qeyd edək ki, 2010-cu ildə Sinqapurda, 2014-cü ildə Nankində keçirilmiş yeniyetmələrin Yay Olimpiya Oyunlarında hər bir ölkə güləş yarışlarında maksimum 5 idmançı ilə (2 sərbəst, 2 yunan-Roma, 1 qadın) təmsil oluna bilirdi. Azərbaycan güləşçiləri maksimum sayda lisenziya əldə edərək, həm ilk, həm də sonrakı olimpiadalarda tam heyətlə iştirak edib, Sinqapurda 4 qızıl və 1 gümüş, Nankində isə 3 qızıl və 2 gümüş medal qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi