"Sumqayıt" üzərində qələbə qazanacağımıza çox inanırdıq.
"Report" xəbər verir ki, bunu "Şəki"nin baş məşqçisi Bedri Meriç Azərbaycan Basketbol Liqasının III turunda "Sumqayıt"la oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
O, yaxşı oyun nümayiş etdirdiklərini deyib:
"İlk növbədə oyunçularımı təbrik edirəm. Çox istəkli idilər. Qələbə qazanacağımıza çox inanırdıq. İlk 2 oyunda müdafiədə səhvlərimiz vardı. Bir az onu düzəltdik. Rəqibin natamam heyətlə Şəkiyə gəlməsinin də bunda rolu oldu. Ancaq biz də bu gün həqiqətən əla oynadıq. Məncə, rəqib tam heyətlə gəlsəydi belə, qələbə qazanan tərəf biz olacaqdıq. Çünki oyunçular, dediyim kimi, çox istəkli idi. Bu gün 5 oyunçumuz minimum 10 xal qazandı. Bu da hamının bu qələbədə payının olduğunu göstərir. Ərcan Donat 8 xal qazandı. Belə davam etsək, qrupda, xüsusən Şəkidə keçirdiyimiz oyunlarda favorit biz olacağıq".
B.Meriç yeni transfer Tariyel Yusifzadə haqqında da danışıb:
"Tariyel Yusifzadə dünən komandaya qoşuldu. Açığı, bu gün onu oynada bilərdik. Ancaq komanda yoldaşlarını tanımaq üçün vaxta ehtiyacı var. Qarşıdakı fasilədən yararlanıb uyğunlaşma prosesini keçəcək".
Qeyd edək ki, Şəki Olimpiya İdman Kompleksində baş tutan "Şəki" - "Sumqayıt" görüşü meydan sahiblərinin 101:61 hesablı qələbəsi ilə yekunlaşıb.