Yuxarı

Bakıda 6 ölkənin iştirakı ilə polo üzrə Avropa çempionatı start götürür

Yarışda Azərbaycan atları iştirak etməyəcək

Bakı. 3 sentyabr. REPORT.AZ/ Bakıda keçiriləcək polo üzrə Avropa çempionatı ilə bağlı "Boulevard Hotel"də mətbuat konfransı təşkil olunub. "Report"un məlumatına görə, tədbirdə "World Polo", Azərbaycan Respublikası Atcılıq Federasiyası (ARAF) və iştirakçı ölkələr - Azərbaycan, İtaliya, İrlandiya, İspaniya, İsveçrə və Almaniya komandalarının baş məşqçiləri iştirak ediblər.

"World Polo"nun sədri Reto Qaudenzi iki il əvvəl Bakıda keçirilmiş polo yarışının uğurla təşkil olunduğunu xatırladıb: "İndi yenidən buradayıq. İlk dəfə qapalı ərazidə polo üzrə Avropa çempionatı Bakıda keçiriləcək. Burada söhbət arenadan gedir. Turnirin ilk 3 günü bağlı arenada keçiriləcək, digərləri isə açıq havada olacaq. Bu yarış dünya səviyyəli olacaq".

Qurum sədri turnirin reqlamentini açıqlayıb. O bildirib ki, sabah start götürəcək çempionatın mükafatçıları sentyabrın 12-də müəyyənləşəcək: "Atların hamısı Argentinadan gətirilib. Bütün atlar peşəkarlar tərəfindən bölünüb. Bu yarış çərçivəsində Qafqazda ilk dəfə Polo Məktəbi təşkil olunacaq və bu, "Elite Atcılıq Klubu"nda keçiriləcək. 2017-ci il dünya çempionatının isə Qəbələdə keçirilməsi planlaşdırılır"

"İki il əvvəl polo yarışlarını keçirməyə başladıq. Dünyada ilk dəfə Arena Polo üzrə Avropa çempionatını Bakıda keçirəcəyik". Bunu isə ARAF-ın baş katibi Bəhruz Nəbiyev deyib. O, yarışda Azərbaycan atlarının iştirak etməməsinin səbəbini açıqlayıb: "Polo yarışları çövkənə yaxın idman növüdür. Bu səbəbdən həmin idman növünə polo atları uyğun gəlir. Bu atlar da Argentinada yetişdirilir. 72 baş at gətirilib və bütün komandalar arasında bölünüb".

Azərbaycan millisindən uğurlu nəticə gözlədiklərini söyləyən baş katib heyətdə əcnəbi idmançının da olacağını vurğulayıb: "Polo bizə yad idman deyil. Bizim insanların hər birinin ata qarşı sevgisi var. Onların hamısı atlarla təmasda olur. ARAF çövkən üzrə 3 çempionat təşkil edib və idmançılarımız da oradan seçilib. Hakimlər də Argentina və Avropadan dəvət olunub. Mükafat fonduna isə Təşkilat Komitəsinin ayın 10-da keçirəcəyi iclasda aydınlıq gələcək".

Qeyd edək ki, sentyabrın 4-də ARAF, "Elite Horse and Polo Club" və "World Polo"nun birgə təşkilatçılığı ilə Binə qəsəbəsindəki "Elite Horse&Polo Club"da I FİP Arena Polo üzrə Avropa çempionatına start veriləcək. Turnir sentyabrın 12-dək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi