Bakı. 25 fevral. REPORT.AZ/ CEV Kubokunun yarımfinal mərhələsinə yüksələn Azərbaycanın qadın voleybolçulardan ibarət "Azəryol" klubu bu gecə Bakıya gəlib. "Report"un məlumatına görə, İtaliyada yerli "Novara" ilə Çelenc raundunun cavab görüşündən "qızıl set"lə qalib ayrılan komandanı Heydər Əliyev Beynəlxalq Hava Limanında voleybol ictimaiyyətinin nümayəndələri və bir qrup azarkeş qarşılayıb.
"Azəryol"un baş məşqçisi Ziya Rəcəbov jurnalistlərə açıqlamasında səfər qarşılaşmasında hakim təzyiqi ilə üzləşdiklərini bildirib: "Bakıda "Novara"ya 3:1 hesabı ilə qalib gəlmişdik. Rəqib Çempionlar Liqasından gəlmiş komandadır. Büdcələri bizdən çoxdur və kifayət qədər güclü heyətə malikdirlər. "Novara"da təcrübəli və millidə çıxış edən voleybolçular var. Aurea Kruz bizdən gedib və orada oynayır. 1:3 hesabı ilə məğlub olsaq da, "qızıl set"i əldən vermədik. Hakimlərin bizə qarşı təzyiqinə baxmayaraq qalib gələ bildik".
Növbəti mərhələdə Rusiyanın "Dinamo" (Krasnodar) komandası ilə qarşılaşacaqlarını xatırladan gənc mütəxəssis səfərdə keçirəcəkləri ilk oyuna daha yaxşı hazırlaşacaqlarını əlavə edib.
Komandanın təcrübəli voleybolçusu Yelena Parxomenko "Novara" ilə səfər matçından öncə Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevlə görüşün əlavə stimul olduğunu deyib: "İtaliyada çətin oyun olacağını bilirdik. Bakıdakı görüşdən fərqli olaraq "Novara" öz meydanında optimal heyətlə çıxış edirdi. Oyundan öncə Faiq müəllim bizimlə görüşərək, uğurlar arzuladı. Onun oyunumuzu canlı izləməsi bizə əlavə stimul oldu. Azarkeşlərə də minnətdarlığımızı bildiririk. Onlar Bakıda bizi isti qarşıladılar".
Yekaterina Jidkova isə səfər oyununun çətin keçdiyini söyləyib: "Buna baxmayaraq, ilk oyunda qazandığımız qələbə sayəsində səfərə üstün yollanmışdıq. Ailə üzvləri və azarkeşlərimizin bizə inanması mərhələ keçməyimizə kömək oldu. CEV Kubokunda ilk "dördlüy"ə düşmək hər zaman olmur. Biz də bu şansı qaçırmadığımız üçün çox sevinirik".
Qeyd edək ki, Ziya Rəcəbovun baş məşqçisi olduğu komanda Bakıda keçirilmiş ilk qarşılaşmada 3:1 hesabı ilə qalib gəlib. Novara şəhərində baş tutmuş cavab qarşılaşmasında "Azəryol" ikinci setdən üstün ayrılsa da, setlər nisbəti meydan sahiblərinin xeyrinə olub - 3:1. Cütün taleyi "qızıl set"də həll olunub. 15:13 hesabı ilə qalib gələn Azərbaycan təmsilçisi adını növbəti mərhələyə yazdırıb. Yarımfinalda Rusiyanın "Dinamo" (Krasnodar) komandası ilə keçiriləcək ilk oyun martın 8-də Krasnodarda, cavab qarşılaşması martın 12-də Bakıda olacaq.
Fotolar İslam Atakişiyevə məxsusdur.