Voleybol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qrup mərhələsinin son oyununa çıxıb.
"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, rəqib Mərakeş yığması olub. Gərgin mübarizə şəraitində keçən qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb – 3:1.
Qarşılaşmanın ilk setindən 25:20 hesabı ilə ayrılan Pərviz Səmədovun baş məşqçi olduğu kollektiv növbəti seti məğlub tərk edib – 22:25. Gərgin mübarizə şəraitində keçən üçüncü setdə Azərbaycan millisi 28:26 hesabı ilə üstün olub. Dördüncü setdə isə Mərakeş yığması daha açıq fərqlə yenilib – 19:25.
Beləliklə, qrupu 6 xalla 2-ci pillədə tamamlayan Azərbaycan millisi 7 xalla qrup lideri olan Kamerunla birlikdə yarımfinala yüksəlib.
Qeyd edək ki, Azərbaycan millisi əvvəlki görüşlərində Sudana 3:0 hesabı ilə qalib gəlib və eyni hesabla Kameruna uduzub. Mərakeş isə Sudanı 3:0, Kamerunu 3:2 hesabı ilə yenib. Daha bir qarşılaşmada Kamerun Sudanı məğlub edib - 3:0.