Yuxarı

Azərbaycanın daha iki güləşçisi Avropa çempionatında qızıl medal qazanıb - FOTO

Sənan Süleymanov isə bürünc medala yiyələnib

Buxarest. 22 iyun. REPORT.AZ/ Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, turnirin ikinci günündə yunan-Roma güləşçiləri Nofəl Babayev (55 kq), Sənan Süleymanov (66 kq), İslam Abbasov (84) və Adəm Cəlilov (120 kq) mübarizəyə qoşulublar.

Xalça üzərinə ilk olaraq 55 kq çəkidə mübarizə aparan güləşçimiz Nofəl Babayev çıxıb. İlk görüşdə gürcüstanlı Dato Çxartişviliyə qalib gələn pəhləvanımız ¼ finalda Türkiyə təmsilçisi Ekrem Süleyman Öztürklə qarşılaşıb və 7-6 hesabı ilə qələbə qazanıb. Yarımfinalda ev sahibi Teodor Horatau ilə üz-üzə gələn pəhləvanımız gərgin keçən qarşılaşmadan qalib ayrılıb və adını finala yazdırıb. Həlledici görüşdə ukraynalı idmançı Jora Abovian ilə qarşılaşan Nofəl Babayev 6-2 hesabı ilə qələbə qazanaraq Avropa çempionatının qızıl medalçısı olub.

66 kq çəkidə mübarizə aparan güləşçimiz Sənan Süleymanov Serbiya, Ermənistan və Slovakiya təmsilçiləri üzərində ardıcıl qələbə qazanaraq yarımfinala çıxıb. Yarımfinalda ukraynalı Pərviz Nəsibovla üz-üzə gələn pəhləvanımız gərgin keçən görüşdə rəqibinə məğlub olub. Bürünc medal uğrunda görüşdə Sənan Süleymanov Moldova təmsilçisi Valeriu Todereanla qarşılaşıb və 10-0 hesabı ilə tam qələbə qazanıb.

84 kq çəkidə mübarizə aparan İslam Abbasov da bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Final görüşündə pəhləvanımızın rəqibi Türkiyə təmsilçisi Ali Cengiz olub. Həlledici qarşılaşmada İslam Abbasov 6-1 hesabı ilə qələbə qazanaraq Avropa çempionatın qızıl medalçısı olub.

120 kq çəkidə Adəm Cəlilov isə mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, ilk yarış günündə Mikayıl Rəhimov qızıl (60 kq), Azər Nəsibli (50 kq) isə gümü medal qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi