Avropa çempionatındakı çıxışımızı normal qiymətləndirirəm.
Bunu "Report"a açıqlamasında Azərbaycanın basketbol üzrə U-20 millisinin baş məşqçisi Alberto Blanko deyib.
İspaniyalı mütəxəssis yığmanın B Divizionundakı çıxışı barədə danışıb:
"Əvvəla onu demək istəyirəm ki, B divizionunda çox səviyyəli komandalar mübarizə aparırdı. Onların arasında ən zəif kollektivlərdən biri biz idik. Bununla belə, əlimizdə olan imkanlar çərçivəsində yaxşı mübarizə apardıq. Avropa çempionatındakı çıxışımızı normal qiymətləndirirəm. Sadəcə, turnirdə səviyyə fərqi sözünü dedi. Nəzərə alaq ki, yığmanın əsas heyət üzvlərindən 6 nəfəri yox idi. Yerli oyunçularla mübarizə aparırıqsa, nəticələr bir o qədər ürəkaçan olmaya bilər".
A.Blanko heyətdə əsasən yerli oyunçulara üstünlük verdiklərini deyib:
"İstəmirik ki, yığmanın əsas heyətində ABŞ-dən olan əcnəbi oyunçular çıxış etsin. Əsasən yerli basketbolçuların oynamasını və inkişaf etmələrini istəyirik. İstəyimiz odur ku, yerli oyunçular daha çox məşq etsinlər və güclərini bir qədər də artırsınlar. Ümid edirəm ki, bu, gələcəkdə müsbət təsirini göstərəcək".
Qeyd edək ki, Azərbaycanın 20 yaşadək basketbolçulardan ibarət milli komandası Avropa çempionatının B Divizionunda keçirdiyi bütün görüşlərdə məğlub olub.