Yuxarı
    Bağlamaq

    Azərbaycan voleybol yığması Dünya Qran Prisinə vəsiqə qazanmağı hədəfləyib

    Avropa Liqasının qalibi olmaq üçün bütün imkanlara malikik

    Bakı. 27 iyun. REPORT.AZ/ "Çox şadam ki, finala yüksəldik. Evimizdə çıxış etsək də, oyunlar ağır keçdi". "Report"un məlumatına görə, bunu voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Polina Rəhimova Avropa Liqasının yarımfinalında Yunanıstan yığması üzərində 3:1 hesablı qələbə əldə etdikləri cavab görüşündən sonra deyib.

    26 yaşlı hücumçu Bakıdakı ardıcıl iki qarşılaşmadan sonra bir qədər yorulduqlarını, qısa istirahətdən sonra Slovakiya ilə final oyunlarına hazırlaşacaqlarını bildirib. Rəhimova ümid edir ki, həm iyunun 30-da səfərdə, həm də iyulun 3-də Bakıda keçirəcəkləri görüşlərdən qalib ayrılacaqlar: "Məqsədimiz gələn il Dünya Qran Prisində çıxış etməkdən ibarətdir. Bütün tərəfdarlarımıza dəstəkləri və köməklərinə görə minnətdarıq".

    Yarımfinal oyunları zamanı Azərbaycan millisində əsas problem top qəbulu ilə bağlı olub. Bu da ikinci setdə baş məşqçi Faiq Qarayevin komandasının 9:25 hesablı məğlubiyyətinə gətirib çıxarıb. Lakin Polina Rəhimova, Yana Kulan, Yelena Həsənova və Valeriya Məmmədovanın köməyi ilə ümumi nəticədə qələbə gerçəkləşib. 

    Kapitan Odina Bayramova nəticədən məmnun olsa da, ikinci setdə gördükləri işin keyfiyyətindən narazılıq ifadə edib. Bununla belə, Bayramova qələbəyə köklənməyi bacardıqlarını vurğulayıb. O, Slovakiya ilə final oyunları barədə də danışıb: "İndi biz finala hazırlaşmalıyıq. Əsas məqsədimiz Avropa Liqasının qalibi olaraq, 2017-ci ildə Dünya Qran Prisinə qatılmaqdan ibarətdir".

    Libero Valeriya Məmmədova isə artıq finala kökləndiyini söyləyib: "Slovakiya çox yaxşı çıxış edir. Bizim isə top qəbulunda problemlərimiz vardı. Çatışmazlıqlarımız üzərində işləyəcək və finalda daha yaxşı oynamağa çalışacağıq. Avropa Liqasının qalibi olmaq üçün bütün imkanlara malikik. Düşünürəm ki, sonda fəxri kürsünün ən yüksək pilləsində olacağıq".

    Millimizlə final oyunu barədə Slovakiya yığmasının baş məşqçisi Marek Rojko da fikirlərini bölüşüb. O, Avropa Liqasında ilk ildəcə finala yüksəlmələrindən məmnunluğunu dilə gətirib: "Çox yaxşı komandamız var və bacarığımızı beynəlxalq arenada göstərməliyik. Finalda qarşılaşacağımız Azərbaycan yığması güclü komandadır. Qalib gəlmək üçün bizdən asılı nə varsa, onu etməyə çalışacağıq".

    Qeyd edək ki, Polina Rəhimova Azərbaycan millisinin Yunanıstana 3:1 hesabı ilə qalib gəldiyi cavab görüşündə 19 xal toplayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi