Yuxarı
    Bağlamaq

    Azərbaycan Voleybol Federasiyası Norveç klubuna bəyanatla cavab verib

    Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyere muraciət olunacaq

    Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycan Voleybol Federasiyasi (AVF) Norveçin "Stod Volley" klubunun Azərbaycan təmsilçisi "Azərreyl"lə keçirdiyi Çağırış Kubokunun 1/8 final mərhələsinin cavab görüşündən sonra "Anatolia" otelində baş vermiş qalmaqalla əlaqədar bəyanat yayıb. 

    Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bəyanatda AVF, onun qurumları və prezidenti Ziya Məmmədovun bu otelə heç bir aidiyyətinin olmadığı vurğulanıb.

    Rəsmi açıqlamada bildirilir ki, Avropa Voleybol Konfederasiyasının avrokubok yarışlarının keçirilməsinə dair təlimatına əsasən, yarışlarda iştirak edən hər bir komandanın səfər oyunu zamanı otel seçimi, ödənişi və ölkəyə giriş vizasının alınması həmin komandanın öz öhdəliyindədir: "Norveç komandasının seçimi yerli turist agentliyi və o cümlədən "Stod Volley" klubu tərəfindən "Anatolia" oteli ilə birbaşa danışıqlar əsasında həyata keçirilib. Onu da qeyd etmək lazımdır ki, qonaq komanda həm turizm agentliyi vasitəsilə, həm də özləri tərəfindən komanda ücün "Anatolia" otelində yerlər ayrılması məqsədilə fərqli sifarişlər verib. "Anatolia" oteli tərəfindən ayrı-ayrılıqda ikitərəfli fərqli sifariş qeydiyyata alınıb və ikinci dəfə yenidən otaqlar ayrılıb. Bu da öz nəticəsində əlavə xərcə gətirib çıxarıb. "Stod Volley" otel xidmətinin müvafiq xərclərinin ödənilməsindən imtina etdikdə bu problemlər ortaya çıxıb. Federasiyamız, onun qurumları və prezidentinin bu insidentə heç bir aidiyyəti yoxdur və heç bir məsuliyyət daşımırlar".

    Bəyanatda həmçinin vurğulanır ki, "Stod Volley"in Azərbaycana girişi ücün dəvətnamənin vaxtında gondərilməsinə baxmayaraq, onlar Azərbaycanın İsveçdəki səfirliyinə sənədləri vaxtında təqdim etməyiblər. Azərbaycan tərəfi istisna hal olaraq müvafiq qurumları vasitəsilə Heydər Əliyev Beynəlxalq Hava Limanında qonaq komandaya viza verilməsini təmin edib. 

    AVF bildirir ki, "Azərreyl" "Stod Volley"in yalnız nəqliyyat vasitəsi və məşq zalı ilə təmin etmək öhdəliyini daşıyır. Bunlardan əlavə, milli qonaqpərvərlik zəminində oyunun ertəsi günü Norveç komandasının xahişi əsasında onların Bakıda gəzintisi və şəhərlə tanış olmaları məqsədilə nəqliyyat vasitəsi təmənnasız ayrılıb: "Bu fakt Azərbaycanın necə qonaqpərvər olduğunu açıqca göstərir. AVF-nin vitse-prezidenti F.Qarayevlə oyun oncəsi görüş zamanı Norveç tərəfi Azərbaycana gəlişlərindən çox məmnun olduqlarını və heç bir problemlə qarşılaşmadıqlarını qeyd edib. Oyun zamanı fəxri qonaq simasında Rumıniya səfiri Daniel Kristian Çobanu və onun xanımı, həmçinin digər hörmətli qonaqlar iştirak ediblər".

    AVF-nin rəsmi açıqlamasında qurumun öz fəaliyyəti dövründə milli yığma komandalar və klublar səviyyəsində bütün mötəbər dünya və qitə turnirlərində iştirak və onlara ev sahibliyi etdiyi, Azərbaycanda keçirilmiş oyunların nəticəsindən asılı olmayaraq, daim digər komandaların AVF-nin təşkilatçılığından razı qaldıqları vurğulanıb. 

    Federasiya bəyan edir ki, avrokuboklara ilk dəfə qatılan "Stod Volley"in rəsmi nümayəndələri tərəfindən əsassız ittihamlar, o cümlədən "Anatolia" otelinin vebsəhfəsində AVF-nin ünvanına nalayiq, etikadankənar, qərəzli yazılarla əlaqədar Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyere müraciət olunacaq. Müraciətdə "Stod Volley"in AVF-dən rəsmi surətdə üzr istəməsi və cəzalandırılması tələb olunacaq.

    Qeyd edək ki, "Azərreyl" Norveç təmsilçisi ilə Çağırış Kubokunun 1/8 finalında "qızıl set"lə uduzaraq mübarizəni dayandırıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi