Bakı. 5 dekabr. REPORT.AZ/ Bu gün Böyük Britaniyanın paytaxtı London şəhərində velosiped idmanının trek növü üzrə Dünya Kubokunun II mərhələsinə start verilib. "Report"un məlumatına görə, planetin 38 ölkəsinin qatıldığı yarışda Azərbaycan 3 velosipedçi ilə təmsil olunur.
Onlardan mübarizəyə ilk olaraq Yelena Pavluxina qoşulacaq. O, 10 km məsafəyə skretç yarışında çıxış edəcək. Mübarizəyə bu gün Bakı vaxtı ilə saat 19.40-da start veriləcək. Y.Pavluxina həmçinin sabah qrup ötüşməsində də çıxış edəcək. Digər 2 idmançımıza gəlincə, Olqa İsmayılova dekabrın 6-da 200 metr məsafəyə sprint yarışında, dekabrın 7-də isə kehrində mübarizə aparacaq. Sergey Omelçenkoya gəlincə, o, sabah kehrin yarışında çıxış edəcək.
Qeyd edək ki, Dünya Kubokuna dekabrın 7-də yekun vurulacaq.