Əsl oyunumuzu ilk görüşdə göstərdik.
Bunu "Report"a açıqlamasında Azərbaycanın qadınlardan ibarət voleybol millisinin üzvü Aynur İmanova deyib.
Qızıl Avropa Liqasındakı çıxışlarını dəyərləndirən 35 yaşlı blokçu arxada qalan II turun görüşləri barədə danışıb: "17 gün ərzində yarışlara hazırlaşdıq. Xorvatiya millisini məğlub edərək, birinci oyuna uğurlu start verdik. Əsl komanda oyunumuzu da ilk görüşdə göstərdik. Təəssüf ki, növbəti matçlar istədiyimiz kimi olmadı. Vətənə qələbələrlə dönməyi çox istərdik. Son turun qarşılaşmaları Bakıda keçiriləcək. Qalib gəlmək üçün əlimizdən gələn hər şeyi edəcəyik və buna inanıram".
Qeyd edək ki, Azərbaycanın qadınlardan ibarət voleybol millisi Qızıl Avropa Liqasının ilk oyununda Xorvatiyaya (3:0) qalib gəlib. Növbəti görüşlərdə isə Rumıniya (0:3), Slovakiya (1:3) və İsveç (0:3) yığmalarına məğlub olub.