Böyükhesablı qələbə gözləmirdik. Amma qalib gələcəyimizə ümid edirdik.
"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin kapitanı Elçin Camallı Bakıda keçirilən çövkən üzrə dünya çempionatının ilk matçında Qazaxıstanı 5:0 hesabı ilə məğlub etdikləri oyunla bağlı jurnalistlərə açıqlamasında deyib.
Yığma üzvü yarışa çox yaxşı hazırlaşdıqlarını vurğulayıb: "Ev sahibiyik, atmosfer də çox gözəl idi. İnsana ruh yüksəkliyi verir. Bu, ilk rəsmi dünya çempionatıdır. Fərqli qitələrdən komandalar var. İlk dünya çempionu olmaq üçün əlimizdən gələni edəcəyik. Azərbaycana qələbə yaraşır. Müəyyən komandaların oyunçularını tanıyıram. Aralarında güclüləri var. Mərakeş, Almaniya, Polşa kollektivlərini nümunə göstərə bilərəm. Layiq olan qalib gəlsin. Bəziləri çövkəndə yeni olduqları üçün bizdən dəstək istəyiblər. Küveytdə azərbaycanlı idmançı var. O, bizim yığmada olmayan idmançıdır".
Qeyd edək ki, 10 komandanın mübarizə apardığı dünya çempionatı iyunun 16-da başa çatacaq.