"Bu turnirə qatılmaqda əsas məqsəd voleybolçularımızın təcrübə toplaması idi".
Bunu "Report"a açıqlamasında 18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Cəlil Baxtiozin Gürcüstanın Telavi şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatı ilə bağlı danışarkən deyib.
Mütəxəssis yarışa qatıldıqları üçün Azərbaycan Voleybol Federasiyasına təşəkkür edib: "Polşa, Estoniya və Ukrayna millilərində ucaboy idmançıların yer aldığını bilirdik. Onların ən bəstəboy oyunçuları 1,9 metr idi. Bizim uşaqlar oyundan-oyuna təcrübə yığırdılar. Onlar artıq son görüşlərdə bir-birilərini başa düşürdülər. Bir daha bizi yarışa göndərdikləri üçün federasiyaya minnətdaram. Məqsədimiz ölkədə uşaq voleybolunu inkişaf etdirməkdir. Bu turnirdə nəticə qazana bilməsək də, müəyyənləşdirilən strategiya düzgündür. Komandamız gələcəkdə daha yaxşı oyun göstərə bilər. Belə turnirlərdə iştirak isə lazımdır".
Cəlil Baxtiozin pandemiyadan sonra böyük fasilə olduğunu, idmançıların məşq etmədiyini və yarışlara qatılmadıqlarını xatırladıb: "Turnirlərdə yüksək nəticə göstərmək üçün Azərbaycanda uşaq liqasının yaranmasını arzulayırıq. Bu olsaydı, uşaqlar öz həmyaşıdları ilə oynasaydılar, perspektivli voleybolçular da tapmaq mümkündür. Çox matçın olması uşaqlara xeyirdir. Beynəlxalq turnirlərə də qatılmaq lazımdır. Biz də nəticə qazanmaq istəyirik, amma komandamız hələlik o qədər də təcrübəli deyil".
Baş məşqçi Gürcüstanla sonuncu görüşdə qalib gəlmək ehtimallarının olduğunu da diqqətə çatdırıb: "Bu komandanı məğlub edə bilərdik. Çempionata psixoloji cəhətdən də hazırlaşmaq lazımdır. Voleybolçularımız son anda bir-birini başa düşmədilər və oyunları alınmadı. Onlar ən azı bir il birlikdə məşq etməli və beynəlxalq turnirlərə qatılmalıdırlar. Bəzi uşaqlar klublarda məşq edirlər. Çox vaxt isə qarşılaşmalar zamanı ehtiyatda qalırlar. Bu səbəbdən oyun təcrübələri azdır. Voleybol kollektiv idman növü olduğu üçün bir-birinə kömək, dəstək göstərməlisən. Uşaqlar bunları ancaq yarışlarda görə bilərlər".
Qeyd edək ki, Azərbaycan yığması çempionatda Polşa, Ukrayna və Latviyaya 0:3, Estoniyaya 1:3, Gürcüstana isə 2:3 hesabı ilə uduzub.