Bakı. 25 fevral. REPORT.AZ/ Bu gün Azərbaycanın voleybolçu qadınlardan ibarət "Lokomotiv" klubu Çempionlar Liqasının "pley-off" mərhələsində cavab görüşünü keçirəcək. "Report"un məlumatına görə, səfərdə İsveçrə "Volero"su ilə görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Oyunu qadın hakimlər idarə edəcək. Bugünkü görüşə türkiyəli Nurper Özbar və sloveniyalı Sanya Mikloşiç təyinat alıb.
Bakıda keçirilmiş ilk oyun "Lokomotiv"in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan təmsilçisi 6 ən güclü komanda sırasına yüksəlmək üçün səfərdə də qalib gəlməlidir. Meydan sahibləri 3:1 və ya 3:0 hesablı qələbə qazansa, 6 ən güclü komanda sırasına çıxacaq. 3:2 hesablı qələbə təqdirində isə növbəti mərhələyə vəsiqənin sahibi "qızıl set"də müəyyənləşəcək.
Cütün qalibi növbəti mərhələdə Türkiyənin "Eczaçıbaşı" və "Vakıfbank" komandaları arasındakı görüşlərin qalibi ilə üz-üzə gələcək.
Çempionlar Liqası
1/6 final, cavab görüşü
23:00. "Volero" (İsveçrə) - "Lokomotiv" (Azərbaycan)
Hakimlər: Nurper Özbar (Türkiyə), Sanya Mikloşiç (Sloveniya)
Sürix. "Saalsporthalle".
Qeyd edək ki, daha öncə "Azəryol" CEV Kubokunda yarımfinala yüksələrək, Rusiyanın "Dinamo" (Krasnodar) komandasına rəqib olub.