Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycanın yunan-Roma güləşi üzrə yığması İranın paytaxtı Tehran şəhərində böyüklər arasında keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokunun qalibi olub.
"Report"un Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi məlumata görə, Azərbaycan güləşçiləri fevralın 20-də finalda digər qrupun birincisi olmuş Rusiya yığması ilə qarşılaşıb. Gərgin keçən görüş 4:4 hesablı bərabərliklə tamamlanıb. Ancaq xalların keyfiyyətinə görə 18:17 hesabı ilə komandamızın xeyrinə başa çatıb. Bu nəticə ilə Azərbaycan yunan-Roma güləşi tarixində ilk dəfə Dünya Kubokunun sahibi olub.
AZƏRBAYCAN-Rusiya 4*:4 (18:17)
59 kq - Elman Muxtarov - Z.Kabaloyev 2:3
66 kq - Həsən Əliyev - A.Surkov 5:1
71 kq - Rəsul Çunayev - Çingiz Labazanov 2:0
75 kq - Elvin Mürsəliyev - Roman Vlasov 0:8
80 kq - Rafiq Hüseynov - E.Saleyev 2:1
85 kq - İslam Abbasov - Davit Çakvetadze 5:0 (təmiz qələbə)
98 kq - Orxan Nuriyev - Nikita Melnikov 0:5
130 kq - Sabah Şəriəti - S.Semyonov 1:2
Yekun nəticə:
1. AZƏRBAYCAN
2. Rusiya
3. İran
4. Türkiyə
5. Macarıstan
6. isveç
7. Almaniya
8. Ermənistan
Qeyd edək ki, yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan güləşçiləri də iştirak edib. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, İsveç və Almaniya komandaları ilə A qrupunda mübarizə aparıb. B qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan komandaları qüvvələrini sınayıb. İlk olaraq yerli İran idmançıları ilə qarşılaşan güləşçilərimiz gərgin keçən görüşü 6:2 hesablı qələbə ilə başa vurub. Ardınca Almaniya və İsveç komandalarını 7:1 məğlub edən yığmamız qrup görüşlərini lider tamamlayıb. Bu nəticə ilə Azərbaycanın yunan-Roma güləşi yığması Dünya Kubokunun finalına vəsiqə qazanıb.