Yuxarı

Azərbaycan futzal yığmasının qapıçısı: "Dünya çempionatında tarix yazdıq" - MÜSAHİBƏ

Emin Kürdov: Anama, ailəmə söz vermişdim ki, əlimdən gələni edəcəyəm

Bakı. 26 sentyabr. REPORT.AZ/ Futzal üzrə dünya çempionatının 1/4 finalında Portuqaliya yığmasına 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandıran Azərbaycan milli komandasının qapıçısı Emin Kürdovun "Report"a müsahibəsi

- Oyunu necə dəyərləndirərdiniz?

- Hansı rəqiblə oynadığımızı bilir və oyunun məsuliyyətini başa düşürdük. Rəqibin heyətində dünya səviyyəli futzalçılar var. Buna baxmayaraq, fikrimcə, yaxşı oyun göstərdik, mübarizə apardıq. Amma imanda bəxt amili də yaxşı şeydir. Son dəqiqələrdə qol vəziyyətlərimiz oldu, amma top qapıya daxil olmadı. Nə deyə bilərəm? Tarix yazdıq. Bu, Azərbaycan futbolu və futzalında ilk dəfə baş verən haldır. Dünyanın 8 ən güclüsü sırasına düşdük. Bütün Azərbaycan xalqını belə gözəl nəticə münasibətilə təbrik edirik. Bu, həqiqətən də gözəl nəticədir. Bu işdə əməyi olan hər kəsə - AFFA-nın, Azərbaycan Futzal Federasiyasının rəhbərliyinə təşəkkürümü bildirirəm. Onlar əllərindən gələni etdilər ki, mümkün qədər irəli gedə bilək. Oyunlar Bakıda gecə vaxtına təsadüf edirdi. Bu müddətdə bizi dəstəkləyənlərə minnətdaram.

- Görüşə 3 itki ilə çıxmışdınız. Rövşən Hüseynli, Fineo və Vassuranın yoxluğu hiss olunurdu?

- Elə bu məsələyə də toxunmaq istəyirdim. İtkilər göz qabağında idi. Əsas oyunçularımızın yoxluğu öz sözünü dedi. Məncə, itkilər olmasaydı, 99 faiz əminəm ki, bu mərhələni də keçəcəkdik. Bir oyunçunun əvəzlənmədən 10-15 dəqiqə meydanda qalması çox çətindir. Həm də oyunun təzyiqi çox ağırdır. Kənardan asan görünür, amma meydanda bu çətinliyi hiss edirsən.

- Taktika da fərqli ola bilərdi: Oyunu müdafiədən yox, hücum üslubunda qurmaq olardı...

- Əlbəttə. Bizdə 2 texnikalı oyunçunun olmaması üzündən matçın əvvəlində komandamızın hücuma meylli deyildi. Sanki pusquda idik. Rəqib də gözləyirdi, biz də. Halbuki Fineo ilə Vassura olsaydı, daha da irəli gedə və oyun tempini artıra bilərdik.

- Bir müddət idi qapıda durmurdunuz. Bu səbəbdən, həyəcan hiss edirdiniz?

- Bəli. Neçə ildir futzal oynayırıq. Adətən, həyəcan qapıçılarda ilk 4-5 dəqiqə ərzində olur. Amma sonra daha rahat olursan.

- Rövşən Hüseynlinin yoxluğunda istədiyiniz səviyyədə çıxış edə bildiniz?

- Anama, ailəmə söz vermişdim ki, əlimdən gələni edəcəyəm. Məncə, nə bacardımsa, onu da etdim.

- Amma təəssüfləndirən məqam odur ki, daha da irəli getmək, ən azı bürünc medal uğrunda mübarizə aparmaq olardı...

- Hamı bunu başa düşürdü. Çoxları deyirdi ki, Portuqaliyanı üstələsək, finala da çıxa bilərik. Bura gələndə qarşımıza qrup mərhələsini keçmək məqsədi qoyulmuşdu. Amma biz daha da irəlilədik. Başa düşürdük ki, bu mərhələni keçsək, medallar uğrunda mübarizə aparacağıq. Amma 1/4 finaladək irəliləməyin özü də yüksək nailiyyətdir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi