Bizə olan etimadı doğrultduq.
Bunu "Report"a açıqlamasında 3x3 basketbol üzrə Azərbaycan millisinin üzvü Amil Həmzəyev Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsi barədə danışarkən deyib.
O, final mərhələsinə vəsiqə qazandıqları üçün sevindiklərini bildirib: "2022-ci ildə bu mərhələni keçsək də, 2023-cü ildə zədəli oyunçularımız çox idi. Həmin vaxt legioner də yox idi. Bu il daha yaxşı və hazırlıqlı gəldik. Düzü, hazırlıq üçün vaxtımız az idi. Ancaq hər şeydən çox yaxşı istifadə etdik. Məşqçilər komandanın üzərində çox yaxşı işlədilər".
"Yarışa Ermənistan üzərində qələbə ilə start verdik. Bu, psixoloji baxımdan önəmli idi. Finalda müdafiədə çox yaxşı oynadıq. Bizə olan etimadı doğrultduq. Sevinirik. Həqiqətən bizdə idmana olan etimad buradakı ölkələrdə yoxdur. Avropa Kubokunda yaxşı çıxış etmək və layiqli mübarizə aparmaq niyyətindəyik. Yarış ərzində bizə dəstək olanlara təşəkkür edirəm. Ermənistanla oyundan sonra çox təbrik almışıq. Həyatımda heç vaxt bu qədər təbrik almamışdım", - deyə təcrübəli basketbolçu vurğulayıb.
Qeyd edək ki, Avropa Kubokunun final mərhələsi avqustun 22-25-də Avstriyanın paytaxtı Vyanada təşkil olunacaq.