Əsas məqsədimiz olimpiadaya vəsiqə qazanmaq idi. Ötən il iki komanda - Azərbaycan millisi və "Neftçi" klubu turnirdə iştirak etmişdi. Onlar xallar topladıqca, reytinq artdı və seçmə mərhələyə qoşulduq.
"Report"un Qəbələyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında, Azərbaycan Basketbol Federasiyasının icraçı direktoru Anar Rza deyib.
Federasiya rəsmisi 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsi barədə danışıb: "Artıq ikinci ildir ki, Azərbaycanda 3x3 Qadın Seriyasının mərhələ yarışları keçirilir. FIBA ilə 3 illik müqavilə bağlamışıq. Ola bilsin, müqavilə müddəti uzadılacaq. İyulun 20-21-də Quba, avqustun 16-17-də isə Bakı mərhələləri keçiriləcək".
A.Rza Dina Ulyanovanın zədəsi və qarşıdakı planlar haqda fikirlərini bölüşüb: "Dina Ulyanova ilə bağlı həkimin ilkin qərarı odur ki, ciddi bir şey yoxdur. Olimpiadaya qədər vaxtımız var. Ümud edirik ki, Dina bərpa olunacaq. Hazırlıq davam edir. Quba mərhələsindən sonra komanda Kosovoda Avropa Kubokunun seçmə mərhələsinə qatılacaq. Daha sonra Fransanın Klermont şəhərində Qadın Seriyasının növbəti mərhələsi keçiriləcək. Həmçinin İsveçrə və Fransada keçiriləcək daha iki mərhələdə iştirak etmək istəyirik. FIBA-dan qərar gözləyirik".
İcraçı direktor Qəbələ seçimini dəyərləndirib: "İstəyirik ki, hər regionda komandamız olsun və Azərbaycan Basketbol Liqasında iştirak etsinlər. Mərhələ üçün məkan seçəndə regiona üstünlük veririk. Sadəcə, regionlarda komandaları yerləşdirmək üçün otel tapmaqda çətinlik çəkirik. Qəbələdə problem olmadığı üçün buranı seçdik. Quba isə Azərbaycanın idman paytaxtı seçilib".
Federasiya rəsmisi oyunların başqa idman zallarında keçirilə biləcəyini də vurğulayıb: "Bakıdakı oyunlar "Sərhədçi" İdman Mərkəzində baş tutacaq. Növbəti il başqa bir arenanın da olmasını planlaşdırırıq. Ola bilsin, bir deyil, daha çox arena götürülsün. Planda Bakı İdman Sarayı, Fövqaladə Hallar Nazirliyinin idman zalları var".
Qeyd edək ki, Azərbaycan millisi və "Baku Flames" 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsində mübarizəni dayandırıb.