Bölgələrdə bu idman növünə yararlı oğlanlar çoxdur. Atletik, fiziki göstəriciləri daha güclü uşaqlar var.
Bunu "Report"a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) mətbuat katibi Sənan Əliyev deyib.
ABF rəsmisi qurumun bölgələrdə təhsil alan oğlan və qız şagirdlər arasından seçim edərək, onları qeydiyyata almasından danışıb.
S.Əliyev seleksiya işlərinin 2022-ci ilin fevralından start götürdüyünü xatırladıb:
"Bunlar mərhələli şəkildə həyata keçirilir. Hər il eyni şəhər və rayonlardan müxtəlif yaş qrupları üzrə seçimlər edilir. Onlar da yerli və xarici mütəxəssisələr tərəfindən seçilib seleksiyaya cəlb olunurlar. Həmin uşaqlar daha sonra praktika keçmək şansı da qazanacaqlar".
O, qız basketboluna Cəlilabadda daha çox marağın olduğunu vurğulayıb:
"Digər bölgələrdə də zəif deyil. Gəncəni də buna nümunə göstərə bilərik. Artıq hər yerdə qız basketbolu inkişaf edir. 16 və 18 yaşadək qızlardan ibarət basketbol millilərinin baş məşqçisi Evren Alkaya da seleksiya işləri ilə maraqlanır. Yararlı oyunçuları komandada saxlamaq istəyir".
O, ötən illərlə müqayisədə Azərbaycanda basketbola marağın kifayət qədər artdığını diqqətə çatdırıb:
"Artıq uşaqlar və valideynlər buna ciddi yanaşırlar. Basketbolla peşəkar səviyyədə məşğul olmaq istəyənlər var".