Yuxarı

​Ayşən Əbdüləzimova: "Hələ legioner həyatı yaşamağı düşünmürəm"

Millidə başqa ruh, başqa istək var

Bakı. 22 may. REPORT.AZ/ "Slovakiya ilə oyuna çox ciddi hazırlaşırıq. Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olduq. İndi isə hazırlığı Bakıda davam etdiririk". Bunu "Report"a açıqlamasında Azərbaycanın qadınlardan ibarət voleybol üzrə milli komandasının üzvü Ayşən Əbdüləzimova deyib.

O bildirib ki, məşqlər gündə 2 dəfə olmaqla davam edir. Belə şansın bir dəfə olduğunu qeyd edən A.Əbdüləzimova bunu əldən verməyəcəklərini söyləyib.

Dünya çempionatında çox yaxşı çıxış etdiklərini söyləyən qadın voleybolçu bunun üçün aylarla hazırlaşdıqlarını bildirib. Onun sözlərinə görə, turnirdə qarşılaşdıqları Yaponiya və Belçika komandaları heç də zəif deyil: "Slovakiyaya da, ümumiyyətlə, rəqib komandaya zəif gözlə baxmaq olmaz. Hamıya hörmətlə yanaşmaq lazımdır. Yaponiya ilə necə oynamışıqsa, Slovakiyaya qarşı da elə oynayacağıq. Çalışacağıq ki, hər iki oyunda 3:0 hesablı qələbə qazanaq".

A.Əbdüləzimova deyib ki, qrafik sıx olduğundan istirahətə vaxt olmayıb. Ancaq o, mövsüm bitdikdən sonra voleybolçuların istirahətə yollanmadan milli komandanın düşərgəsinə qoşulmasını müsbət hal kimi dəyərləndirib: "Bir tərəfdən belə yaxşı oldu ki, hamı hazır vəziyyətdədir. Biri də var ki, istirahətə yollanasan, sonra qayıdıb formaya düşəsən və bu da vaxt aparır. Qrafikimiz bir az sıxdır. Seçmə oyunlardan sonra Avropa Oyunları var. Lakin bu bizim işimizdir və əlimizdən gələni edirik".

O, milli komandadakı mövqeyini isə belə dəyərləndirib: "Hələ ki, 6-lıqdayam və inanıram ki, sona qədər də orada qalaram. Hamı 6-lığa düşmək istəyir. Bunun üçün ilk növbədə oyunçu özünü məşqlərdə yaxşı göstərməli və məşqçiyə sübut etməlidir. Hər yoldan ötəni gəlib 6-lığa götürmək olmaz. İlk növbədə özünü göstərib, layiq olmalısan".

"Lokomotiv"dəki çıxışından da danışan voleybolçu millidə daha yaxşı, həvəslə çıxış etməyin lazım olduğunu vurğulayıb. O bildirib ki, klubda da yaxşı oynamaq lazımdır. Lakin yığma komandada vətəni, milləti təmsil etdiyindən, burada var-gücünlə çıxış etməlisən: "Klub milliyə çata bilməz. Millidə başqa ruh, başqa istək var. Gücə qaldıqda, məncə, milli güclüdür. Düzdür, "Lokomotiv"də güclü oyunçular var. Baş məşqçi istefasına gəlincə, Teon Buijslə yolların ayrılması mənim üçün gözlənilməz oldu. Düzü, bizim məlumatımız yox idi. Səhər gələndə dedilər ki, baş məşqçi ilə yollar ayrılıb".

A.Əbdüləzimova I Avropa Oyunlarından da söz açıb. O deyib ki, bütün komandaların məqsədi üçlüyə düşməkdir: "Rəqiblərdən qorxmaq lazım deyil. Hər şey öz əlimizdədir. Fikrimcə, Yaponiyanı udan komanda niyə Rusiya, Türkiyəni məğlub etməsin? Meydana qələbə üçün çıxırıq".

Qadın idmançı qısa da olsa, şəxsi həyatından da söz açıb. Şəkidə anadan olan, lakin Bakıda yaşayıb, voleybola gələn milli komandanın üzvü bu idman növü ilə məşğul olmağına heç kimin mane olmadığını söyləyib. Qeyd edib ki, ailəsi ona bu mənada dəstək verir və çıxdığı oyunların hər birində valideynləri də həyəcan keçirir. Məqsədə doğru getmək üçün çətinliklər olub. Bu yolda göz yaşları da olub, ancaq mən məqsədimə çatmışam. Hələ legioner həyatı yaşamağı düşünmürəm. Azərbaycanda güclü çempionat var. Yaxşı oyunçular var və onlardan çox şey öyrənmək olar. Zəif çempionat olsa, getmək olardı. Ancaq hələ ki, ağlımda belə bir şey yoxdur".

Müxtəlif nəşrlərin manşetlərinə çıxmalarına münasibət bildirən A.Əbdüləzimova bu kimi hallarda idmançıların öz işləri olduğunu deyib. Qeyd edib ki, özü belə hallara yol verməz: "Kimsə belə şəkil çəkdirirsə, öz işidir. Bizdə görməmişəm. Əgər olsa, ilk növbədə federasiya ona nəsə deyər. Görsəm, mən də yaxınlaşıb deyərəm ki, bunlar bizim ölkə üçün deyil".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi